İsveçin "Neon Giant" studiyası "Krafton" nəşriyyatının dəstəyi ilə hazırlanan yeni "No Law" oyunu barədə yayılan şayiələrə aydınlıq gətirib. Birinci şəxs baxış bucağına malik kiberpank rol oyunu olan bu layihənin ilk treyleri izləyicilərdə "Cyberpunk 2077" assosiasiyası yaratsa da, tərtibatçılar bunun sadəcə bir bənzətmə olduğunu bildiriblər. Şirkət nümayəndələri qeyd ediblər ki, yeni oyun heç bir məhsulu təqlid etmir və tamamilə müəllif işidir.
Layihənin yaradılması zamanı təkcə videooyunlardan deyil, həm də komiks, anime, manqa, film və kitablardan ilham alınıb.
"Biz kiberpankı sevirik və "No Law" mütləq bu janra aiddir, lakin o, başqa bir oyunun təkrarı deyil. Məqsədimiz zəngin bir şəhərdə birinci şəxs baxış bucağından unikal süjet təcrübəsi təqdim etməkdir,"– deyə "Neon Giant" təmsilçiləri vurğulayıblar. Onların sözlərinə görə, hekayənin strukturu və döyüş mexanikası məhz bu məqsədə xidmət edir.
Əvvəlki "The Ascent" layihəsi ilə müqayisədə yeni oyun daha irimiqyaslı, atmosferli və rəngarəng olacaq. "No Law" yalnız təkoyunçu rejimi üçün nəzərdə tutulub və burada heç bir mikroödəniş olmayacaq. Çoxoyunçu, kooperativ və ya PvP rejimləri planlaşdırılmasa da, gələcəkdə əlavə məzmunların buraxılması istisna edilmir. Tərtibatçılar yaxın aylarda oyun cəmiyyətinə daha çox yenilik nümayiş etdirməyə hazırlaşırlar.
Oyunun hadisələri gələcəyin qaranlıq sənaye şəhəri olan "Port Desire" ərazisində cərəyan edir. İstifadəçilər xidmətdən getdikdən sonra belə bəlalardan yaxa qurtara bilməyən keçmiş hərbçi Grey Harker obrazını canlandıracaqlar. "No Law" oyununun "PC" ("Steam", "EGS", "Microsoft Store"), "PS5", həmçinin "Xbox Series X" və "S" platformalarında buraxılması gözlənilir. Layihədə qəbul edilən qərarların nəticələri, geniş silah modifikasiyaları və çevik inkişaf sistemi vəd olunur.






