"Financial Times" nəşrinin məlumatına görə, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin ("NHS") həm tibbi, həm də qeyri-tibbi heyəti "Palantir" şirkətinin Birləşdirilmiş Məlumat Platformasından (FDP) istifadə etməkdən imtina edir. Etirazların əsas səbəbi ABŞ mənşəli şirkətin müdafiə və kəşfiyyat orqanları ilə əlaqələri, eləcə də xəstələrin həssas məlumatlarının məxfiliyi ilə bağlı yaranan etik narahatlıqlardır.
Britaniya Tibb Assosiasiyası ("BMA") kimi qruplar bu müqaviməti dəstəkləyir. Siyasətçilər kampaniya iştirakçılarının şəffaflıqla bağlı tənqidlərini qismən qəbul ediblər və artan təzyiqlər fonunda hökumətin müqaviləyə xitam verilməsi bəndini nəzərdən keçirə biləcəyi bildirilir. Buna baxmayaraq, "NHS" və "Palantir" rəsmiləri FDP sisteminin məlumatları mərkəzləşdirərək on minlərlə yeni əməliyyatın həyata keçirilməsinə və gözləmə müddətlərinin azaldılmasına kömək etdiyini iddia edirlər.
Səhiyyə sektorundakı narazılıqlara baxmayaraq, "Palantir" Böyük Britaniyadakı mövqeyini qoruyur. Belə ki, Maliyyə Davranışı İdarəsi ("FCA") gələcəkdə daha böyük bir razılaşmanın əsası ola biləcək üç aylıq sınaq müqaviləsini məhz bu ABŞ texnologiya şirkətinə həvalə edib.






