"Netflix" xidməti öz oyun kitabxanasını genişləndirməyə davam edir. Şirkət tərəfindən elan edilən "The Conjuring: Unspoken" adlı yeni oyun, məşhur qorxu filmləri kainatında cərəyan edən interaktiv paranormal araşdırma təcrübəsidir. Oyun rəsmi olaraq 13 oktyabr tarixində yalnız "Netflix" abunəçiləri üçün əlçatan olacaq.
Oyunun əsas özəlliyi smartfonun idarəetmə pultu kimi istifadə edilməsidir. Oyunçular "Red Lion Inn" adlı tarixi məkanda müxtəlif ipucları axtararaq hekayənin gedişatına təsir edən dialoq seçimləri edirlər. Demonoloq Francesca Noakes obrazını canlandıran istifadəçilər elektromaqnit sahə detektoru, infraqırmızı kamera və ruh qutusu kimi xüsusi alətlərlə paranormal varlıqları aşkar etməyə çalışırlar.
Layihənin hazırlanması "Supermassive Games" studiyasına həvalə edilib. Bu studiya daha əvvəl "The Quarry" və "Until Dawn" kimi məşhur qorxu oyunları ilə tanınır. Qeyd edək ki, "Supermassive Games" şirkəti yaxın zamanda 70-dən çox əməkdaşını ixtisar etməsi ilə gündəmə gəlmişdi.
Bu yeni oyun "Netflix"-in oyun sektorundakı strategiyasının bir hissəsidir. Şirkət daha əvvəl iyun ayında "Night School" studiyası tərəfindən hazırlanan "Unhinged" adlı qorxu oyununu təqdim etmişdi. "Netflix" rəsmiləri bildirir ki, "The Conjuring" filmlərini izləmək oyunun atmosferini daha dərindən hiss etməyə kömək edəcək.






