"Netflix"in reklam dəstəkli abunə planı qlobal miqyasda sürətlə böyüməyə davam edir və istifadəçi bazası ardıcıl ikinci ildir ki, ikiqat artıb. Şirkətin 2026-cı il təqdimatında verilən məlumata görə, aylıq 8,99 ABŞ dolları dəyərində olan bu paketin izləyici kütləsi 250 milyon nəfəri ötüb. Qeyd edək ki, ötən il bu rəqəm sadəcə 94 milyon təşkil edirdi. 2025-ci ildə reklamlardan 1,5 milyard ABŞ dolları gəlir əldə etdiyini açıqlayan yayım xidməti, indi bu gəlir mənbələrini daha da şaxələndirmək yollarını axtarır.
Gələn ildən etibarən "Netflix" mobil tətbiqində yeni istifadəyə verilmiş şaquli video lentində və ötən ilin sonlarında platformaya əlavə edilən podkastlarda da reklam nümayiş etdirməyə başlayacaq. Bununla yanaşı, şirkət öz reklamlı abunə modelini Avstriya, Belçika, Kolumbiya, Danimarka, İndoneziya, İrlandiya, Niderland, Yeni Zelandiya, Norveç, Peru, Filippin, Polşa, İsveç, İsveçrə və Tailand daxil olmaqla 15 yeni ölkəyə genişləndirir. Həmçinin, istifadəçilərin "izləmə davranışlarına əsasən" reklamları tənzimləyən yeni fərdiləşdirmə aləti də aktiv şəkildə sınaqdan keçirilir.
İlk dəfə 2022-ci ildə 6,99 ABŞ dolları qiymətinə təqdim edilən "Basic" planı son bahalaşmalarla 2 ABŞ dolları daha baha təklif olunur. Lakin xidmətin genişlənməsi bəzi hüquqi problemləri də özü ilə gətirib. Bu həftə Texasın Baş prokuroru Ken Paxton, reklam məqsədilə toplanan məlumatlar barədə abunəçiləri yanıltdığı iddiası ilə "Netflix" şirkətinə qarşı məhkəmə işi açıb. İddiada qeyd olunur ki, platforma istifadəçilərin şəxsi məlumatlarının reklam üçün necə istifadə edildiyi barədə doğru məlumat verməyib.






