"NASA" 2022-ci ildə həyata keçirilmiş portativ kameraların ilkin sınaq nəticələrini dərc edib. Tədqiqat çərçivəsində heç bir modifikasiya olunmamış standart "Canon EOS R5", "Nikon D6" və "Nikon Z7II" modelləri kosmik mühitə maksimum yaxınlaşdırılmış şəraitdə yoxlanılıb. Nəticələrə əsasən, "Canon R5" və "Nikon D6" vakuum sınaqlarına tab gətirərək -30 °C ilə +40 °C arasındakı temperaturda uğurla işləyib. Agentlik hər iki cihazın bu diapazonda oxşar iş xüsusiyyətləri nümayiş etdirdiyini bildirib.
Sınaq prosesi necə həyata keçirilib?
Testlərə başlamazdan əvvəl avadanlıqlar uçucu maddələrin təmizlənməsi məqsədilə 72 saat ərzində 50 °C temperaturda qızdırılıb. Daha sonra fotoaparatlar vakuum kamerasının daxilindəki termotənzimləyici korpusa yerləşdirilib. Cihazların idarə edilməsi, həmçinin foto və video çəkilişlərin aparılması üçün "Wi-Fi" və "Bluetooth" texnologiyalarından istifadə olunub. "Canon R5" həddindən artıq qızaraq sönənə qədər video qeydə alıb və davam etməzdən əvvəl ona 5 dəqiqəlik soyuma müddəti verilib.
Hansı modellər uğursuzluqla üzləşdi?
"Nikon D6" modelində əlaqənin kəsilməsi riski səbəbindən tam video sınaqları aparılmasa da, mühəndislər hər iki cihazı kosmos üçün yararlı hesab ediblər. Lakin "Nikon Z7II" tam temperatur diapazonunda sınaqlardan keçə bilməyib. O, otaq temperaturunda vakuumda işləsə də, ekstremal şəraitdə video çəkilişdən sonra əlaqəni itirib və bərpa edə bilməyib. Bu səbəbdən cihaz tam sıradan çıxmasa da, kifayət qədər etibarlı hesab edilməyib.
Yaddaş kartları radiasiyaya necə tab gətirdi?
Hesabatda həmçinin "Lexar", "SanDisk", "ProGrade" və "Sony" markalı CFexpress yaddaş kartlarının radiasiya sınaqlarının nəticələri yer alıb. Kartların heç biri tamamilə sıradan çıxmayıb və radiasiya ilə bağlı yaranan müvəqqəti xətalar yenidən başlatma yolu ilə aradan qaldırılıb. "NASA" mütəxəssislərinin favoriti "SanDisk" olsa da, bu nəticənin yalnız testin dəqiq tənzimlənməsindən asılı olduğu və satın alma tövsiyəsi kimi qəbul edilməməli olduğu vurğulanıb.
Ay missiyaları üçün hansı kameralar seçilir?
Bu tədqiqatlar agentliyin xüsusi Ay kamerası üzərindəki sonrakı işləri fonunda xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə "NASA" Ay mühiti üçün modifikasiya edilmiş kommersiya kamerasının sınaqları barədə məqalə dərc edib. Hazırda aktual olan universal portativ Ay kamerası modifikasiya edilmiş "Nikon Z9" modelinə əsaslanır. Bu cihaz "Nikkor" obyektivləri, qoruyucu termal örtük, xüsusi elektronika və skafandr əlcəkləri ilə işləmək üçün uyğunlaşdırılmış tutacaqla təchiz edilib.






