"Motorola" şirkəti qatlana bilən smartfon bazarındakı mövqeyini gücləndirmək üçün yeni cihazlarını təqdim edib. Tədbir zamanı "Razr 70" və "Razr 70 Ultra" modelləri ictimaiyyətə nümayiş olunub. Lakin ekspertlərin fikrincə, yeni qurğular əvvəlki nəsillə müqayisədə inqilabi dəyişikliklər təklif etmir. Buna baxmayaraq, hər iki smartfonun dəyəri əhəmiyyətli dərəcədə yüksəlib.
"Razr 70" modelində hansı yeniliklər var?
Baza modeli olan "Razr 70" əvvəlki nəsildəki 4500 mAs əvəzinə, daha tutumlu 4800 mAs batareya ilə təchiz edilib. Cihaz 30 Vt simli və 15 Vt simsiz şarj dəstəyini qoruyub saxlayıb. Əsas dəyişikliklərdən biri genişbucaqlı kamerada özünü göstərir. Belə ki, köhnə 13 meqapiksellik sensor 122 dərəcə baxış bucağına malik 50 meqapiksellik obyektivlə əvəzlənib. Smartfonun 50 meqapiksellik əsas və 32 meqapiksellik ön kamerası isə dəyişməz qalıb.
Qurğunun ekran göstəriciləri də əvvəlki modellə eynidir. Xarici displey 3,6 düym, daxili ekran isə 6,9 düym ölçüsündədir. Hər iki AMOLED panel müvafiq olaraq 1700 və 3000 cd/m2 pik parlaqlıq təklif edir. Daxili ekran 120 Hz yenilənmə tezliyini dəstəkləyir. Cihazın ürəyini "MediaTek" tərəfindən istehsal olunmuş "Dimensity 7450X" prosessoru təşkil edir. "Notebookcheck" nəşrinin məlumatına görə, bu çip əslində ötən ilki modelin bir qədər sürətləndirilmiş versiyasıdır.
"Razr 70 Ultra" nələri vəd edir?
Flaqman modeli olan "Razr 70 Ultra" da yalnız kiçik təkmilləşdirmələrlə diqqət çəkir. Smartfonun batareya tutumu 4700 mAs-dan 5000 mAs-a qədər artırılıb. Əsas yenilik kameranın dinamik diapazonunu genişləndirən LOFIC texnologiyasının tətbiqidir. Bu texnologiya sayəsində 50 meqapiksellik əsas kamera parlaq və qaranlıq səhnələrdə daha çox detal tutmaq imkanı qazanıb. İstehsalçının sözlərinə görə, yeni sensor əvvəlki modellə müqayisədə altı dəfəyə qədər daha geniş dinamik diapazon təmin edir.
Cihazın performansına ötən ilki "Snapdragon 8 Elite" prosessoru cavabdehdir. Smartfon istifadəçilərə 16 QB-a qədər operativ və 1 TB-a qədər daxili yaddaş seçimləri təqdim edir. 6,9 düymlük daxili ekranın pik parlaqlığı isə 5000 cd/m2 səviyyəsinə çatdırılıb. Qalınlığı 7,19 mm olan qurğunun ümumi çəkisi 199 qram təşkil edir.
Yeni smartfonların qiyməti nə qədərdir?
Texniki parametrlərdəki cüzi fərqlərə rəğmən, "Motorola" yeni seriyanın qiymətlərini artırmaq qərarına gəlib. Avropa bazarında "Razr 70" modelinin başlanğıc qiyməti 869 avro (təxminən 1015 ABŞ dolları) müəyyən edilib. Xatırladaq ki, ötən ilki "Razr 60" modeli 799 avroya satılırdı. Dörd fərqli rəng variantında təklif olunan "Razr 70 Ultra" isə alıcılara 1399 avroya (təxminən 1635 ABŞ dolları) başa gələcək ki, bu da əvvəlki nəsildən təqribən 100 avro bahadır.






