"Bellring Games" studiyası "Skystone Games" nəşriyyatının dəstəyi ilə yeni evakuasiya tipli rol oyunu olan "Mistfall Hunter"-i oyunsevərlərin ixtiyarına verib. Qaranlıq fentezi atmosferində cərəyan edən oyunda istifadəçilər qızılı dumanla örtülmüş qadağan olunmuş bir dünyada xəzinə ovuna çıxırlar. Baş qəhrəman Rosa adlı sirli bir qız tərəfindən dirildilir və taleyin pozulmuş iplərini bərpa etmək üçün mübarizə aparır.
Oyunun əsas mexanikası üçüncü şəxs baxış bucağı ilə döyüşlərə və qiymətli qızılı qanın, eləcə də unudulmuş relikviyaların toplanmasına əsaslanır. Oyunçular həm digər istifadəçilərlə, həm də "paslanmış və qorxunc" düşmənlərlə qarşılaşırlar. Qələbə qazanmaq üçün düşmənlərin zəif nöqtələrini tapmaq və geniş taktiki vasitələrdən istifadə etmək tələb olunur.
Oyunçuların ilk reaksiyası və texniki problemlər
"Steam" platformasında 21,8 min nəfərlik pik onlayn göstəricisinə çatan "Mistfall Hunter" hazırda 60% reytinqlə "qarışıq" rəylər toplayıb. Oyunun vizual üslubu və müxtəlif sinif sistemi bəyənilsə də, döyüş sistemindəki kiçik qüsurlar və balans problemləri tənqid olunur.
"Bu oyun 'Elden Ring' və 'Arc Raiders'-in ideal birləşməsidir, lakin ən pis boss server növbəsidir", - deyə oyunçu TwilightFox qeyd edib.
Hazırda "PC", "PS5", "Xbox Series X" və "S" platformalarında əlçatan olan oyunun "Steam" versiyası üçün 899 rus rublu dəyərində qiymət təyin edilib. Serverlərə qoşulma ilə bağlı yaranan çətinliklər oyunçuların narazılığına səbəb olan əsas amillərdən biridir.






