"Microsoft" şirkəti hələ 2022-ci ildə "Apple" və "Google"un dominantlıq etdiyi bazara rəqib olaraq yeni "Xbox" mobil oyun mağazası yaratmaq planlarını açıqlamışdı. Hətta "Xbox"un sabiq prezidenti Sarah Bond təxminən iki il əvvəl keçirilən "Bloomberg" tədbirində mağazanın 2024-cü ilin iyulunda istifadəyə veriləcəyini vəd etmişdi. Lakin hazırda görünən odur ki, texnologiya nəhəngi bu layihəni müvəqqəti olaraq dondurub.
"Better xCloud" tərtibatçısı redphx tərəfindən aşkar edilib ki, "Microsoft"un son bir neçə ildir sınaqdan keçirdiyi mağazanın URL ünvanı artıq işləmir. Saytın dəqiq nə vaxt yoxa çıxdığı məlum olmasa da, platformanın sonuncu dəfə təxminən bir il əvvəl yeniləndiyi bildirilir. Layihənin ləngiməsinin əsas səbəbi kimi mövcud tətbiq mağazalarının tətbiq etdiyi sərt qaydalar göstərilir.
"Microsoft Gaming"in baş icraçı direktoru Asha Sharma məsələ ilə bağlı bildirib:
"Üç həftə əvvəl biz məhkəməyə rəy təqdim etdik, çünki mobil rəqabət hələ də önəmlidir və biz oyunların gələcəyinin daha açıq olmalı olduğuna inanırıq. Mən hələ də öyrənməyə davam etsəm də, "Xbox" mobil mağazası ideyası ölməyib."Şirkət əvvəlcə Avropadakı Rəqəmsal Bazarlar Aktının və ya ABŞ-dakı məhkəmə proseslərinin "Google" və "Apple" mağazalarını açmağa məcbur edəcəyinə ümid edirdi. Lakin sonradan yalnız oyundaxili əşyalar üçün endirimlər təklif edən veb-əsaslı versiyaya keçid etdi.
"Microsoft Gaming"in sabiq baş icraçı direktoru Phil Spencer 2023-cü ildə verdiyi müsahibədə şirkətin vizyonunu belə izah etmişdi:
"Biz insanların oynamaq istədiyi istənilən ekranda həm özümüzün, həm də üçüncü tərəf tərəfdaşlarımızın "Xbox" məzmununu təklif edə biləcək mövqedə olmaq istəyirik. Bu gün biz bunu mobil cihazlarda edə bilmirik, lakin həmin cihazların açılacağı bir gələcəyə doğru irəliləmək istəyirik."Üç il keçməsinə baxmayaraq, "Microsoft" hələ də mobil cihazların bu cür sərbəstliyə qovuşmasını gözləyir.






