"Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemindəki "Run" menyusunun çoxdan gözlənilən yenilənməsini sınaqdan keçirir. Şirkətin məlumatına görə, müasir interfeysə malik bu yeni versiya daha sürətli işləyir və qaranlıq rejim dəstəyi təklif edir. Hazırda bu dizayn dəyişikliyi yeni "Experimental Channel" vasitəsilə "Windows 11 Insiders" proqramının iştirakçılarına təqdim olunur.
Dəyişiklikləri izah edən bloq yazısında "Microsoft" bildirir ki, istifadəçi fayllarına qısayol olan "Browse" düyməsi çox az istifadə edildiyi üçün menyudan çıxarılıb. Bunun əvəzinə, istifadəçi qovluğuna birbaşa keçid imkanı yaradan yeni "~\" əmri sistemə əlavə edilib.
Yeni "Run" menyusu əmrləri cəld icra etməyə, veb-saytları açmağa və faylları axtarmağa imkan verən "PowerToys" utilitindəki "Command Palette" kodları əsasında hazırlanıb. "Windows 11 Insiders" iştirakçıları bu funksiyanı aktivləşdirmək üçün "Settings > System > Advanced" bölməsinə daxil olaraq müvafiq seçimi yandıra bilərlər. Qeyd edək ki, yenilənmiş menyunun ilkin versiyası hələ keçən il sınaq buraxılışlarında görünməyə başlamışdı.
Şirkətin rəsmi bloq yazısında interfeysin sürətləndirilməsi ilə bağlı xüsusi vurğu edilir:
"Bu istifadəçi interfeysi səthlərinin cəld yüklənməsini təmin etmək üçün platforma üzrə tərəfdaşlarımızla sıx əməkdaşlıq etdik. Platformada etdiyimiz təkmilləşdirmələr təkcə "Run" menyusunu sürətləndirmir, həm də bütün əməliyyat sisteminin daha səmərəli işləməsinə kömək edir."






