"Microsoft" şirkəti məşhur məlumat şifrələmə aləti olan "VeraCrypt" proqram təminatı ilə əlaqəli tərtibatçı hesabını heç bir xəbərdarlıq etmədən bloklayıb. Layihənin rəhbəri Münir İdrassi bildirib ki, bu qərar proqramın "Windows" versiyası üçün gələcək yenilənmələrin buraxılmasını mümkünsüz edir. Onun sözlərinə görə, şirkətdən heç bir əvvəlcədən bildiriş və ya e-poçt məktubu daxil olmayıb. Texniki dəstək xidmətindən gələn cavablar isə süni intellekt tərəfindən yaradılmış şablon mətnlərə bənzəyir.
"VeraCrypt" proqramı nə üçün vacibdir?
"IDRIX" şirkəti tərəfindən yaradılan "VeraCrypt", vaxtilə populyar olan "TrueCrypt 7.1a" əsasında hazırlanıb. Bu açıq mənbəli alət istifadəçilərə disklərində şifrələnmiş bölmələr yaratmağa imkan verir. Proqram sistemin şifrələnməsi üçün istifadə olunan alqoritmlərin təhlükəsizliyini artıraraq, onu kobud güc hücumlarına qarşı dözümlü edir. Eyni zamanda, təzyiq altında məlumatları təqdim etmək məcburiyyətində qalan istifadəçilər üçün real məlumatları təqlid edən saxta cildlər yaratmaq funksiyasına malikdir.
Bloklanma necə baş verib?
Münir İdrassi "SourceForge" forumunda qeyd edib ki, illərdir "Windows" drayverlərini və yükləyicilərini imzalamaq üçün istifadə etdiyi "IDRIX" şirkət hesabı yanvar ayının ortalarında qapadılıb. "Microsoft" tərəfindən göndərilən yeganə rəsmi mesajda təşkilatın yoxlanış tələblərinə cavab vermədiyi və qərardan şikayət etmək hüququnun olmadığı vurğulanıb. Tərtibatçı hansı konkret tələbin pozulduğunu anlaya bilmədiyini və hazırda başqa alternativinin olmadığını etiraf edib.
Bu qərar istifadəçilərə necə təsir edəcək?
Hesabın bağlanması səbəbindən "VeraCrypt" üçün "Windows" yenilənmələrinin yayımlanması tamamilə dayanıb. "Linux" və "macOS" sistemləri üçün yenilənmələr hələ də mümkün olsa da, istifadəçilərin böyük əksəriyyəti məhz "Windows" platformasından istifadə edir. İdrassinin fikrincə, "Microsoft" tərəfindən kommunikasiyanın olmaması və süni intellektin avtomatlaşdırılmış cavabları bu cür qərarlara qeyri-insani xarakter verir.
Digər proqramlar da risk altındadır?
Bənzər problemlə məşhur VPN müştərisi olan "WireGuard" da üzləşib. Layihənin yaradıcısı Ceyson Donenfeld heç bir xəbərdarlıq almadan hesabının bloklandığını və yenilənmə yayımlaya bilmədiyini açıqlayıb. Bu cür hallar, xüsusilə böyük texnologiya şirkətlərindən asılı olan açıq mənbəli proqram təminatlarının tədarük zəncirindəki mürəkkəb və kövrək vəziyyəti bir daha gündəmə gətirir.






