“Microsoft” şirkəti tərəfindən Windows 10, Windows 11 və Windows Server sistemlərində aşkar edilmiş ShieldBreak adlı sıfırıncı gün boşluğunu aradan qaldırmaq üçün təqdim edilən təhlükəsizlik yeniləməsi gözlənilməz texniki problemlərə yol açıb. Yeniləmədən dərhal sonra “Windows Defender” antivirusunun sürətli, tam və oflayn skan funksiyaları işlək vəziyyətdən çıxıb. İstifadəçilərin məlumatına görə, skan prosesi ya xəta ilə nəticələnir, ya da oflayn rejimdə 91% göstəricisində donur.
Problemin kökündə nə dayanır?
Mütəxəssislər və istifadəçilər sistemin “Журнал событий” bölməsində 0x000005 xəta kodunun qeydə alındığını bildirirlər. Bu kod birbaşa “Microsoft” antivirus mühərrikinin tərkib hissəsi olan mpengine.dll kitabxanası ilə bağlı problemlərə işarə edir. Eyni zamanda, DefenderApiLoggerLowPriv sessiya xətaları da müşahidə olunur. Maraqlıdır ki, diskin əl ilə skan edilməsi hələ də normal qaydada işləyir, bu da problemin yalnız avtomatlaşdırılmış skan əməliyyatlarına aid olduğunu göstərir.
Hansı versiyalar təhlükə altındadır?
“Neowin” forumunun rəhbəri və keçmiş “ESET” tədqiqatçısı Aryeh Goretsky-nin verdiyi məlumata görə, nasazlıq v1.1.26070.7 və v1.1.26080.2 versiyalı “Windows Defender” proqramlarında özünü göstərir. Problem xüsusilə Microsoft Security Intelligence Update-in 1.457.222.0-dan 1.457.230.0-a qədər olan versiyaları ilə birlikdə istifadə edildikdə ortaya çıxır. “Microsoft” hələlik rəsmi açıqlama verməsə də, sistemin əvvəlki versiyalara qaytarılması nasazlığı aradan qaldırır.






