"Microsoft" şirkəti "Windows 11" ilə birlikdə "TPM" çiplərini müasir kompüterlər üçün standart komponentə çevirmişdi. İndi isə korporasiya bu texnologiyadan "KMS" (Key Management Service) serverlərinin legimliyini yoxlamaq üçün istifadə etməyi planlaşdırır. Bu addım, proqram təminatının qeyri-qanuni aktivasiyası üçün istifadə olunan saxta "KMS" serverlərinin fəaliyyətini məhdudlaşdırmağa yönəlib.
Yeni tətbiq ediləcək "TPM-based attestation" funksiyası "KMS" hostunun aparat identifikasiyasını həyata keçirəcək. Proses zamanı serverin etibarlı aparat konfiqurasiyasına aid olduğu və sistemin komprometasiya edilmədiyi yoxlanılır. Yalnız bu yoxlamalardan uğurla keçən serverlər korporativ şəbəkələrdə "Windows" aktivasiyasını həyata keçirmək icazəsi alacaq.
Bu dəyişiklik nə vaxt qüvvəyə minir?
Sözügedən funksiya növbəti "Windows Server" buraxılışında məcburi komponent kimi təqdim olunacaq. 2026-cı ilin avqust ayından etibarən "Microsoft" bu yeniliklə bağlı "Windows Server 2025" lisenziyasına sahib olan təşkilatlara bildirişlər göndərməyə başlayacaq. İT administratorları infrastrukturun yeni aktivasiya standartına uyğunlaşdırılması üçün hazırlıq işlərinə başlamalıdırlar.
Hazırda pirat proqram təminatı hazırlayanlar "KMS" mexanizmini sui-istifadə edərək saxta serverlər vasitəsilə aktivasiya prosesini imitasiya edirlər. "Tsforge" kimi metodlar "Microsoft"-un DRM arxitekturasını aşmağa çalışsa da, "TPM" əsaslı yoxlama bu cür qeyri-qanuni təcrübələrin qarşısını almaq üçün ciddi bir maneə olacaq.






