"Apple" şirkətinin 599 ABŞ dolları (tələbələr üçün 499 ABŞ dolları) dəyərindəki "MacBook Neo" modeli fərdi kompyuter bazarında böyük səs-küy yaradıb. Buna cavab olaraq, "Microsoft" ABŞ-dakı tələbələri hədəfləyən yeni "Microsoft College Offer" kampaniyasına start verib. Bu təklif çərçivəsində bəzi endirimli "Windows 11" kompyuterlərini alanlara 12 aylıq "Microsoft 365 Premium" və "Xbox Game Pass Ultimate" abunəlikləri pulsuz veriləcək.
Kampaniyada "Acer", "Asus", "Dell", "HP" və "Lenovo" kimi tanınmış markalar iştirak edir. Hətta "Microsoft" özünün "Surface Pro" və "Surface Laptop" modellərinin qiymətini artırdıqdan bir neçə gün sonra bəzi "Surface" cihazlarına endirim tətbiq edib. Məsələn, "Best Buy" mağazası 16 GB RAM, "Qualcomm"un "Snapdragon X" prosessoru və 256 GB yaddaşa malik 15,3 düymlük "Lenovo IdeaPad Slim 3x" modelini 499,99 ABŞ dollarına satır. "Walmart" isə bənzər göstəricilərə malik 16 düymlük "HP" istehsalı "OmniBook 3" noutbukunu 429 ABŞ dollarına təklif edir. Analoji endirimlər "Amazon", "Dell", "HP" və "Microsoft"un onlayn mağazalarında da mövcuddur.
Tələbələr həmçinin "Xbox Design Lab" vasitəsilə pulsuz "Xbox" pultu əldə edə biləcəklər. Lakin 12 aylıq pulsuz abunəlik paketi yalnız yeni istifadəçilər üçün nəzərdə tutulub. Əgər əvvəllər bu xidmətlərdən istifadə etmisinizsə, fərqli bir "Microsoft" hesabı açmalı olacaqsınız. Bu gün başlayan kampaniya 30 iyun tarixinədək və ya endirimli kompyuterlərin ehtiyatı bitənədək davam edəcək.
Adətən "Microsoft" məktəb mövsümü üçün endirimləri yay aylarında təşkil edir. Kampaniyanın bu qədər erkən başlaması "Apple"ın 599 ABŞ dolları dəyərindəki "MacBook Neo" modelinə və tələbələrə etdiyi 100 ABŞ dolları məbləğindəki endirimə verilən təcili reaksiya kimi qiymətləndirilir. Görünür, yeni rəqabət mühiti "Windows" ekosisteminə müsbət təsir göstərir.






