"Rockstar Games" tərəfindən hazırlanan və oyun dünyasında böyük maraqla gözlənilən "GTA VI" kriminal döyüş oyunu üçün ön sifarişlər 25 iyun tarixində start götürüb. Standart nəşri 80 ABŞ dolları, tam versiyası isə 100 ABŞ dolları qiymətinə təklif olunan oyun üçün platformalar arasında rəqabət müzakirələrə səbəb olub. "IGN" portalının yaydığı məlumatlara görə, "PlayStation 5" istifadəçiləri arasında oyunun ön sifariş göstəriciləri "Xbox Series X" və "S" modellərini səkkiz dəfə üstələyir.
Bu iddialara cavab olaraq "Microsoft" rəsmi açıqlama verib. Şirkət nümayəndələri qeyd edib ki, yayılan rəqəmlər real vəziyyəti əks etdirmir və "Xbox" platformasında "GTA VI" üçün rekord sayda ön sifariş qeydə alınıb. "İnsanlar tərəfdaşlıq linkləri üzərindən gələn kliklərə deyil, rəsmi məlumatlara əsaslanmalıdırlar", - deyə şirkətdən bildirilib.
Mütəxəssislər hesab edir ki, "Sony" şirkətinin "PS5" üçün xüsusi mövzulu ekranlar və tətbiq nişanları təqdim etməsi, həmçinin oyunun məhz yapon konsolunda daha yaxşı işləyəcəyinə dair bəyanatları marağı artıra bilər. "GTA VI" 19 noyabr tarixində satışa çıxarılacaq. Qeyd edək ki, oyunun fiziki nəşri disksiz olacaq və qutuda yalnız aktivasiya kodu yer alacaq.






