Oktyabr ayında baş verən qiymət artımından sonra "Game Pass Ultimate" abunəliyinin dəyəri 20 ABŞ dolları məbləğindən 30 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dəyişiklik təkcə oyunçuların deyil, həm də "Microsoft Gaming" bölməsinin yeni rəhbəri Aşa Şarmanın narazılığına səbəb olub.
"The Verge" nəşrinin baş redaktoru Tom Uorren "Xbox" daxili yazışmalarına istinadən bildirib ki, rəhbər işçilərə müraciətində bu problemi etiraf edib. Aşa Şarma qeyd edib ki, qısamüddətli perspektivdə "Game Pass" oyunçular üçün həddindən artıq bahalaşıb və şirkət daha sərfəli qiymət-keyfiyyət nisbəti tapmalıdır.
Yeni rəhbərin sözlərinə görə, "Game Pass" "Xbox" oyun təkliflərinin mərkəzi tərkib hissəsi olsa da, xidmətin mövcud biznes modeli yekun deyil. Uzunmüddətli perspektivdə xidmətin daha çevik hala gətirilməsi planlaşdırılır. Lakin yeni sistemin sınaqdan keçirilməsi və mənimsənilməsi müəyyən vaxt tələb edəcək.
Qeyd edək ki, abunə haqqının artması qismən "Call of Duty" oyunlarının xidmətə əlavə edilməsi ilə bağlıdır. "Windows Central" nəşrinin icraçı redaktoru Cez Korden "XB2+1" podkastında "Microsoft" şirkətinin yeni "Call of Duty" oyunlarını buraxılış günündə "Game Pass" xidmətinə daxil etməmək barədə düşündüyünü ehtimal edib. Aşa Şarma internetdə gəzən qiymət dəyişikliyi şayiələrindən xəbərdar olduğunu və gələn həftə bu məsələni əməkdaşlarla ətraflı müzakirə edəcəyini bildirib.






