"Xbox Player Voice" platformasında "Fable" rol oyununa rus dilində subtitrlərin əlavə edilməsi üçün başladılan kampaniya qəfil dayandırılıb. İki həftə ərzində 10,5 min-dən çox istifadəçi tərəfindən dəstəklənən və ən populyar tələblər siyahısına daxil olan petisiya səhifəsi hazırda mövcud deyil. 22 iyun tarixindən etibarən istifadəçilər səhifəyə daxil olarkən xəta mesajı ilə qarşılaşırlar.
İstifadəçilər və müşahidəçilər silinmənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürürlər. Bəzi istifadəçilər bunun "Microsoft" administratorlarının qərarı olduğunu düşünsə də, digərləri avtomatik moderasiya sisteminin işə düşdüyünü güman edir. "Ash Leaf" adlı istifadəçinin qeydlərinə görə, petisiya təxminən 30-a yaxın şikayət toplamışdı ki, bu da sistem tərəfindən silinməyə səbəb ola bilər.
Maraqlıdır ki, "Xbox Game Studios" oyunlarına ukrayna dilinin əlavə edilməsini tələb edən və 7,4 min səs toplayan digər petisiya hələ də aktivdir. Həmin petisiya 80-dən çox şikayət almasına baxmayaraq, platformada qalmaqdadır. Qeyd edək ki, "Fable" oyununun rəsmi buraxılışı 23 fevral 2027-ci il tarixinə planlaşdırılıb və oyun "PC", "PS5", "Xbox Series X/S" platformalarında, həmçinin "Game Pass" abunəliyində təqdim ediləcək.






