"Microsoft" korporasiyası smart televizorlarda mövcud olan "Copilot" süni intellekt funksiyasını tamamilə dayandırır. Bu barədə məlumat "LG" televizorlarının ekranlarında görünən bildirişlər vasitəsilə yayılıb. Qeyd olunur ki, "CES 2025" sərgisində elan edilən və təxminən iki il əvvəl istifadəyə verilən bu inteqrasiya artıq öz aktuallığını itirib.
Bildirişdə funksiyanın 2026-cı il ərzində mərhələli şəkildə ləğv ediləcəyi vurğulanır. Dəqiq tarix hələlik açıqlanmasa da, prosesin "Microsoft"un müəyyən etdiyi qrafikə uyğun həyata keçiriləcəyi bildirilir. Bu addım həm "LG", həm də "Samsung" smart televizorlarına şamil olunacaq.
Nə üçün bu dəyişiklik baş verir?
İstifadəçilər üçün "Copilot" əsasən ekran görüntüləri haqqında suallar vermək və film tövsiyələri almaq üçün bir köməkçi rolunu oynayırdı. Lakin "Microsoft" hazırda öz süni intellekt strategiyasını dəyişərək, "Copilot"u daha çox biznes və proqramlaşdırma sahələrinə yönəlmiş "super tətbiq" kimi mövqeləndirir. Bu səbəbdən, məişət cihazları üçün nəzərdə tutulan funksionallıq prioritet siyahısından çıxarılıb.
Xatırladaq ki, ötən ilin dekabrında "LG" televizorlarına istifadəçilərin razılığı olmadan əlavə edilən "Copilot" qısayolu ciddi narazılıqla qarşılanmışdı. İstifadəçilərin etirazlarından sonra şirkət həmin qısayolun silinməsinə icazə vermək məcburiyyətində qalmışdı. İndi isə funksiyanın tamamilə aradan qaldırılması ilə bu mübahisəli məsələyə yekun vurulur.






