"Reuters" agentliyinin məlumatına görə, "Meta" şirkəti ABŞ-da çalışan işçilərinin kompüterlərinə Model Capability Initiative (MCI) adlı yeni alət quraşdırır. Bu sistem işlə bağlı tətbiqlərdə və veb-saytlarda siçan hərəkətlərini, klikləri, klaviatura vuruşlarını və bəzən ekran görüntülərini qeydə alır. Əsas məqsəd "Meta" əməkdaşlarının icra etdiyi tapşırıqları avtomatlaşdırmaq və süni intellektin kompüterlərlə insan kimi qarşılıqlı əlaqədə olmasını təkmilləşdirməkdir. Rəhbərlik əldə edilən məlumatların işçilərin performansını qiymətləndirmək üçün istifadə edilməyəcəyini vurğulayıb.
"The Verge" nəşrinə açıqlama verən "Meta" sözçüsü Tracy Clayton bildirib ki, insanlara gündəlik tapşırıqları həll etməyə kömək edəcək agentlər yaratmaq üçün modellərə real istifadə nümunələri lazımdır. Onun sözlərinə görə, siçan hərəkətləri, düymələrə basmaq və menyularda gəzinmək kimi fəaliyyətlərin qeydə alınması bu prosesin ayrılmaz hissəsidir. Şirkət rəsmisi həmçinin əlavə edib ki, həssas məzmunu qorumaq üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb və toplanan məlumatlar başqa heç bir məqsəd üçün istifadə olunmur.
Şirkətin texnologiya üzrə baş direktoru Andrew Bosworth tərəfindən bazar ertəsi işçilərə göndərilən daxili xidməti məktubda Agent Transformation Accelerator (ATA) layihəsi çərçivəsində məlumat toplanmasının genişləndiriləcəyi elan edilib. Andrew Bosworth qeyd edib ki, əsas hədəf işin böyük hissəsinin süni intellekt agentləri tərəfindən görüldüyü bir sistem yaratmaqdır. Bu gələcək baxışında insanların əsas rolu isə yalnız agentləri istiqamətləndirmək, onların işini yoxlamaq və inkişaf etmələrinə kömək etməkdən ibarət olacaq.






