Qlobal yaddaş çipləri qıtlığı texnologiya bazarına təsir etməkdə davam edir və "Meta" şirkəti də bu səbəbdən aparat təminatı qiymətlərini artıran növbəti istehsalçı olub. 19 aprel tarixindən etibarən 128 GB yaddaşa malik "Quest 3S" virtual reallıq (VR) qulaqlığının qiyməti 349,99 ABŞ dolları, 256 GB-lıq versiya isə 449,99 ABŞ dolları olacaq. Hər iki modelin dəyərində 50 ABŞ dolları artım müşahidə edilir. Flaqman modeli olan "Quest 3" isə 100 ABŞ dolları bahalaşaraq 599,99 ABŞ dollarına satılacaq.
Qiymət artımı yalnız yeni cihazlarla məhdudlaşmır, eyni zamanda bərpa edilmiş (refurbished) modellərə də şamil olunur. Belə ki, bərpa edilmiş 128 GB və 256 GB "Quest 3S" cihazları müvafiq olaraq 319,99 ABŞ dolları və 409,99 ABŞ dollarına təklif ediləcək. Bərpa olunmuş "Quest 3" modelinin qiyməti isə 170 ABŞ dolları artaraq 549,99 ABŞ dollarına çatacaq. Şirkətdən verilən məlumata görə, VR cihazlarının aksesuarlarının qiymətləri hazırkı səviyyədə saxlanılacaq.
"Meta" nümayəndələri bu addımı yüksək performanslı VR avadanlıqlarının istehsal xərclərinin kəskin artması ilə əlaqələndirirlər. Şirkətin rəsmi açıqlamasında bildirilir:
"Kritik komponentlərin, xüsusən də yaddaş çiplərinin qiymətindəki qlobal sıçrayış VR daxil olmaqla, demək olar ki, bütün istehlak elektronikası kateqoriyalarına təsir göstərir. İstifadəçilərin "Quest" platformasından gözlədiyi aparat, proqram təminatı və dəstək keyfiyyətini qorumaq üçün qiymətlərimizə yenidən baxmağa məcburuq."
Bütün bunlara baxmayaraq, şirkətin digər bir məşhur aparat kateqoriyası hələlik bu qiymət dalğasından təsirlənməyəcək. "Meta" sözçüsü Johanna Peace-in sözlərinə görə, yaxın gələcəkdə yaddaş qıtlığı səbəbindən şirkətin ağıllı eynəklərinin qiymətində hər hansı bir artım gözlənilmir.






