Təhlükəsizlik tədqiqatçısı Patrik Uordl tərəfindən aşkarlanan və "Ars Technica" tərəfindən işıqlandırılan boşluq, "Muse" tətbiqinin sənədləşdirilməmiş parametrlərindən istifadə edirdi. Bu qüsur hücumçulara yerli kod vasitəsilə transkripsiya prosesini Meta-nın serverlərindən öz serverlərinə yönləndirməyə və nəticədə istifadəçinin hesabına tam giriş əldə etməyə imkan verirdi.
Ekspertin hazırladığı sınaq hücumları göstərib ki, boşluq vasitəsilə istifadəçinin xəbəri olmadan fotolar çəkmək və sistemə zərərli fayllar yükləmək mümkün idi. Patrik Uordl qeyd edib ki, bu cür süni intellekt agentləri təhlükəsizlik prinsipləri nəzərə alınmadan hazırlandığı üçün birbaşa hücum vasitəsinə çevrilə bilər.
Meta Superintelligence Labs-ın rəsmisi Devid Sinqlton isə "X" platformasında verdiyi açıqlamada, problemin yerli imtiyazların artırılması ilə bağlı olduğunu və real riskin aşağı olduğunu bildirib. Şirkət hesabat dərc edildikdən bir neçə saat sonra tətbiq üçün təcili yeniləmə (hotfix) buraxaraq boşluğu aradan qaldırıb.
Bu hadisə Meta-nın süni intellekt strategiyası üçün çətin bir dövrə təsadüf edir. Belə ki, Amazon şirkəti də "Muse"-in öz platformasına icazəsiz girişini bloklayıb. Buna baxmayaraq, tətbiqin mobil versiyası uğurlu start götürüb və ilk 12 gündə yüklənmə sayına görə "ChatGPT"-ni geridə qoyub, bu isə Meta-nın səhmlərinin 11 faiz bahalaşmasına səbəb olub.






