Nyu-Meksiko ştatının Santa Fe dairə məhkəməsi "Meta" şirkətinə qarşı qaldırılan uşaqların təhlükəsizliyi ilə bağlı iddiada yeni qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, şirkət platformalarının yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərən "ictimai narahatlıq" yaratdığı üçün 567 milyon ABŞ dolları ödəməlidir. Bu qərarla birlikdə, şirkətin sözügedən iş üzrə ödəməli olduğu cərimələrin ümumi həcmi 942 milyon ABŞ dollarına çatıb.
Nyu-Meksikonun Baş Prokuroru Raul Torrez bildirib ki, bu qərar texnologiya nəhənglərinin gəlir əldə etmək naminə gənclərin təhlükəsizliyini təhlükəyə atmasına qarşı atılmış mühüm addımdır. Cərimədən əldə ediləcək vəsait maarifləndirmə tədbirləri, profilaktika və platformalardan zərər görmüş şəxslərin müalicəsi üçün yaradılan xüsusi fonda yönəldiləcək. Xatırladaq ki, işin birinci mərhələsində şirkətə 375 milyon ABŞ dolları məbləğində mülki cərimə tətbiq edilmişdi.
"Meta" şirkətinin sözçüsü Endi Stoun isə məhkəmənin qərarı ilə razılaşmadıqlarını və qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb. Şirkət öz platformalarında istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün ciddi səylər göstərdiyini və yeniyetmələrin qorunması sahəsindəki fəaliyyətlərinə güvəndiyini vurğulayıb. "Meta" nümayəndələri iddiaların faktları əks etdirmədiyini və özlərini müdafiə etməyə davam edəcəklərini bildiriblər.






