"Max" messencerinin tərtibatçıları "Telegram" kanallarında istifadəçi danışıqlarına çıxış əldə etmələri barədə yayılan məlumatları rəsmən təkzib ediblər. Platformanın Təhlükəsizlik Mərkəzindən TASS agentliyinə verilən məlumata görə, bu iddialar tamamilə əsassızdır.
"Max-da istifadəçi danışıqlarının deşifrəsinə çıxış olması barədə yayımlar feykdir. Bütün danışıqlar şifrələnir və istifadəçi məlumatları etibarlı şəkildə qorunur"- deyə mərkəzin nümayəndələri vurğulayıblar.
Təhlükəsizlik Mərkəzi tətbiqdəki süni intellekt (İİ) alətlərinin zənglərə birbaşa çıxışı olmadığını və yalnız anonimləşdirilmiş məlumat massivləri ilə işlədiyini bildirib. Maşın öyrənməsi (ML) texnologiyaları rabitə şəraitini analiz edərək zəng parametrlərini avtomatik tənzimləmək üçün istifadə olunur. Sistem keyfiyyətin kritik səviyyədən aşağı düşdüyünü anladıqda, dərhal serveri və ya kodeki dəyişir. Müasir SDK-lar isə bütün tətbiqi yenidən yığmadan ML modellərini yeniləməyə imkan verir ki, bu da sənaye standartı hesab edilir.
Xatırladaq ki, bir müddət əvvəl "ağ hakerlər" 1 iyul 2025-ci il tarixində istifadəyə verilmiş "Bug Bounty" proqramı çərçivəsində milli messencerdə 213 zəiflik aşkar etmişdilər. "Max" rəhbərliyi bu proqramın yüksək səmərəliliyini qeyd edərək, onun zəiflikləri operativ şəkildə tapıb aradan qaldırmağa kömək etdiyini bildirib. Şirkətin mətbuat xidməti bu tədbirlərin platformanın etibarlılığını və konfidensial məlumatların qorunmasını daha da gücləndirdiyini diqqətə çatdırıb.






