“Electronic Arts” (EA) şirkətinin yeni “Mass Effect” layihəsini və onu hazırlayan “BioWare” studiyasını ləğv etməsi oyun dünyasında böyük rezonans doğurub. Bu qərar Səudiyyə Ərəbistanının Suveren Fondu tərəfindən idarə olunan investorlar konsorsiumunun nəzarətinə keçdikdən sonra həyata keçirilən restrukturizasiya çərçivəsində baş verib. Nəticədə, Change.org platformasında oyunun xilas edilməsi və ya hüquqlarının başqa studiyaya verilməsi tələbi ilə petisiya başladılıb.
Hazırda petisiyanı dəstəkləyənlərin sayı 203 min nəfəri ötüb. İctimai marağın artmasına ləğv edilmiş “Mass Effect: Universe” adlı oyunun daxili treylerinin sızması da təkan verib. Təşəbbüsə franşizanın əsas qəhrəmanı olan kapitan Şepardın səsləndiriciləri Cennifer Heyl və Mark Mir, həmçinin “Owlcat Games” studiyasının mütəxəssisləri də dəstək veriblər.
Siyasi və sənaye dəstəyi nəyi dəyişə bilər?
Məsələ təkcə pərəstişkarların etirazı ilə məhdudlaşmır. Kanadanın Yeni Demokrat Partiyasının lideri Avi Lyuis “BioWare” əməkdaşlarına studiyanı geri almaq üçün kömək etməyi təklif edib. Buna baxmayaraq, mütəxəssislər petisiyanın “Electronic Arts”ın strateji qərarını dəyişəcəyinə şübhə ilə yanaşırlar.
Buna baxmayaraq, “Mass Effect” pərəstişkarları üçün müəyyən ümidlər qalmaqdadır. Şayiələrə görə, studiyanın bağlanması “Amazon MGM Studios” tərəfindən hazırlanan “Mass Effect” serialının istehsalına təsir göstərməyib.






