"Amazon MGM Studios" şirkətinin "BioWare" studiyasına məxsus məşhur "Mass Effect" oyunu əsasında çəkdiyi serialın ssenaristi Daniel Casey, layihənin hədəf kütləsi ilə bağlı yayılan şayiələrə son qoyub. Daha əvvəl "The Ankler" nəşri iddia etmişdi ki, studiyanın televiziya bölməsinin rəhbəri Peter Friedlander şounun qeyri-geymərlər üçün daha cəlbedici olması məqsədilə ssenarinin yenidən yazılmasına dair göstəriş verib. Lakin ssenarist bu məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.
İcraçı prodüser kimi də çıxış edən Daniel Casey, pərəstişkarların suallarını cavablandırarkən bu xəbərlərin onu da təəccübləndirdiyini qeyd edib.
"Məxfilik müqaviləsinə (NDA) imza atdığım üçün detallara vara bilmərəm. Lakin qeyri-oyunçu auditoriyası barədə sitatın haradan çıxdığını və kimə məxsus olduğunu bilmirəm. Mən bu barədə ilk dəfədir eşidirəm", – deyə o bildirib.
"The Ankler" nəşrinin məlumatına görə, "Mass Effect" serialı bahalı janr dramı kimi mövqeləndirilir və rəsmi istehsal sifarişi almaq ərəfəsindədir. Çəkilişlərin 2026-cı ilin sonlarında başlanması planlaşdırılır. Hazırda ekran işinin süjet xətti və aktyor heyəti barədə heç bir rəsmi məlumat yoxdur. İlkin sinopsis birinci oyunun hekayəsini xatırlatsa da, bunun sadəcə müvəqqəti mətn olduğu ehtimal edilir.






