"WinFuture" tərəfindən paylaşılan sızdırılmış marketinq görüntülərinə əsasən, "Logitech" şirkəti çantada və ya cibdə daşımağı asanlaşdırmaq üçün ikiyə qatlanan yeni simsiz siçan inkişaf etdirir. Bildirilir ki, bu yeni qadcet noutbuk trekpədindən istifadə ilə müqayisədə "22 faiz daha az əzələ gərginliyinə" səbəb olur və "çoxsaylı əməliyyat sistemləri" ilə işləyə bilir.
Dizayn baxımından cihaz "Microsoft" şirkətinin "Surface Arc" və "Lenovo" şirkətinin "Yoga" siçanlarına bənzəyir və açıldıqda eyni qövsvarı formanı alır. Lakin əsas fərq ondadır ki, rəqib modellər yalnız düz formaya qatlana bildiyi halda, adı hələlik məlum olmayan yeni "Logitech" siçanı ortadan ikiyə qatlanır. Hələlik rəsmi ölçülər açıqlanmasa da, sızdırılan fotolarda cihazın qatlandıqda olduqca yığcam olduğu və cibə rahatlıqla yerləşdiyi görünür.
Ənənəvi sürüşdürmə təkərinin əvəzinə, yeni siçanda iki standart düymə arasında yerləşən "Adaptive Touch Scrolling" adlı kiçik sensorlu sahə mövcuddur. İstifadəçilər bu sahə üzərində barmaqlarını sürüşdürərək idarəetməni həyata keçirə bilərlər. Üzərindəki yaşıl işıq aktiv simsiz bağlantını göstərir. Qadcet "Bluetooth" vasitəsilə eyni anda üç fərqli cihaza qoşula bilir və həm sağ, həm də sol əllə istifadə üçün uyğundur.
Sızdırılan məlumatlarda həmçinin qeyd olunur ki, yeni siçan "Logitech"in "Keys-to-Go 2" portativ klaviaturasının dizaynı ilə mükəmməl uyğunlaşır. Görüntülərdə yalnız boz rəngli versiya nümayiş etdirilsə də, klaviaturanın ağ və yasəmən rəngləri də olduğundan, gələcəkdə fərqli rəng seçimlərinin təqdim ediləcəyi istisna olunmur. Qiymət, batareya ömrü və satış tarixi barədə məlumatlar isə rəsmi təqdimatdan sonra bəlli olacaq.






