Stokholm Dairə Məhkəməsinin qərarına əsasən, müstəqil oyun studiyası “Liquid Swords” rəsmən müflis elan edilib. Maliyyə çətinlikləri şirkətin uzun müddətdir davam edən böhranı nəticəsində yaranıb. Məlumata görə, studiyanın təxminən 30 əməkdaşı bir neçə aydır ki, əməkhaqlarını ala bilmir.
İsveç dövlət qurumları hazırda işçilərin kompensasiyalarının ödənilməsi üçün prosesə cəlb olunub. Buna baxmayaraq, şirkət rəhbərliyi hələ də aktivləri üçün alıcı tapmağa ümid edir. 2020-ci ildə “Avalanche Studios”-un həmtəsisçisi Kristofer Sundberq tərəfindən qurulan studiya, bu ilin aprelində debüt layihəsi olan “Samson” oyununu təqdim etmişdi.
“Samson” oyunu niyə uğursuz oldu?
“Samson” oyunu bazara çıxdıqdan sonra tənqidçilər və oyunçular tərəfindən qarışıq rəylərlə qarşılanıb. İstifadəçilər oyunun zəif optimallaşdırılmasından, çoxsaylı texniki səhvlərdən və proqnozlaşdırıla bilən süjet xəttindən şikayətləniblər. Bununla belə, oyunun avtomobil və əlbəyaxa döyüş mexanikaları müsbət qiymətləndirilib.
Layihə aprel ayında PC platformasında, sentyabr ayında isə “PlayStation 5”, “Xbox Series X” və “S” konsollarında yayımlanıb. Konsol versiyası ilə birlikdə oyuna təkmilləşdirilmiş döyüş sistemi və avtomobil tənzimləmə funksiyaları əlavə edilsə də, bu yeniliklər studiyanı maliyyə çöküşündən xilas edə bilməyib.






