"Rockstar Games" tərəfindən hazırlanan və oyun dünyasının maraqla gözlədiyi "GTA VI" layihəsi texniki mütəxəssislərin diqqətini çəkməyi bacarıb. "Digital Foundry" nəşrinin ekspertləri oyunun yeni treylerini təhlil edərək, studiyanın "Rage" mühərrikində 2008-ci ildən bəri mövcud olan ciddi bir qüsurun aradan qaldırıldığını bildiriblər.
Söhbət animasiya ritmi ilə bağlı problemdən gedir. Əvvəlki oyunlarda kadr tezliyi sabit olsa belə, kamera və personajların hərəkətləri sarsıntılı görünürdü ki, bu da oyunçuda performansın aşağı olması təəssüratı yaradırdı. Ekspert Oliver Mackenzie qeyd edib ki, yeni treylerdə bu çatışmazlıq tamamilə yoxa çıxıb.
Bu texniki irəliləyiş nəyi dəyişir?
Mütəxəssislər vurğulayırlar ki, bu, hələlik yalnız treyler görüntüləridir və tam versiyada fərqli nəticələr ola bilər. Bununla belə, "Rockstar Games"-in bu uzunmüddətli texniki problemi həll etməsi oyunun vizual axıcılığını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, treylerdəki heyvan modelləri, xüsusilə iquana detalları "Cyberpunk 2077" və "Crysis 3" kimi oyunları geridə qoyur.
Xatırladaq ki, "GTA VI" 19 noyabr tarixində "PS5", "Xbox Series X" və "S" platformaları üçün satışa çıxarılacaq. Kompüter versiyasının isə 2027-ci ilin birinci rübündə təqdim olunacağı gözlənilir.






