LinkedIn sosial şəbəkəsi platformada süni intellekt tərəfindən yaradılan və "AI slop" (süni intellekt tullantısı) adlandırılan aşağı keyfiyyətli məzmunlara qarşı mübarizəni gücləndirib. Şirkətin baş məhsul direktoru Hari Srinivasan tərəfindən verilən məlumata görə, istifadəçilərin postların menyusundan seçə biləcəyi "Seems like AI slop" düyməsi artıq bir milyondan çox dəfə kliklənib.
Bu təşəbbüs Pangram adlı süni intellekt detektorunun LinkedIn-dəki uzunmüddətli yazıların 41 faizinin tamamilə süni intellekt tərəfindən hazırlandığını müəyyən etməsindən sonra reallaşıb. Platforma həmçinin AI məzmunlarını müəyyən edən yeni təkmilləşdirilmiş təsnifat sistemlərini tətbiq edib və süni intellekt vasitəsilə "postu təkmilləşdirmək" funksiyasını ləğv edib.
Bu dəyişikliklər nəticə verirmi?
Hari Srinivasan-ın sözlərinə görə, görülən tədbirlər artıq öz müsbət təsirini göstərir. Belə ki, istifadəçilər bir neçə həftə əvvəllə müqayisədə süni intellekt tərəfindən yaradılmış kontentlərə 40 faiz daha az baxış keçirirlər. Şirkət həmçinin istifadəçilərə "Bəzi üzvlər bu postun süni intellekt tərəfindən hazırlandığını düşünür" xəbərdarlığını göndərməyə başlayıb.
LinkedIn rəhbərliyi bu addımların istifadəçilərə faydalı rəy bildirmək məqsədi daşıdığını vurğulayır. Bundan əlavə, ilin əvvəlində platforma insan iştirakı olmadan kütləvi şəkildə yaradılan şərhlərin qarşısını almaq üçün də ciddi tədbirlər görəcəyini bəyan etmişdi.






