Qiymətlər necə dəyişib?
Qlobal RAM böhranının son qurbanı "Lenovo Legion Go S" portativ oyun konsolu olub. Ötən yay 829,99 ABŞ dolları qiymətinə təqdim edilən 8 düymlük, "Z1 Extreme" çipli və "SteamOS" əməliyyat sistemli modelin qiyməti hazırda "Best Buy" mağazasında 1.579,99 ABŞ dolları təşkil edir. Bu, şirkətin flaqman modeli olan və bu ayın əvvəlində qiyməti 650 ABŞ dolları artan "Lenovo Legion Go 2" ilə müqayisədə daha kəskin sıçrayışdır.
Konsolun digər versiyalarında da oxşar vəziyyət müşahidə olunur. "Windows" əməliyyat sistemli "Z1 Extreme" modeli hazırda 1.679,99 ABŞ dolları olaraq siyahıya alınıb, lakin endirimlə 1.049,99 ABŞ dollarına satılır. Daha zəif olan "Z2 Go" modelinin start qiyməti 599,99 ABŞ dolları olsa da, hazırda "Best Buy" mağazasında təxminən 1.000 ABŞ dolları, "Lenovo"nun rəsmi saytında 1.049 ABŞ dolları, "Walmart"da isə 1.199 ABŞ dolları səviyyəsindədir.
Qlobal RAM qıtlığı bazara necə təsir edir?
"RAMageddon" adlandırılan qlobal yaddaş qıtlığı bütün növ aparat təminatlarına, xüsusən də oyun qadcetlərinə ağır zərbə vurub. Artıq "Steam Deck" tapmaq demək olar ki, qeyri-mümkündür. Keçən həftə "Meta" şirkəti "Quest 3" modelinin qiymətini 100 ABŞ dolları artırıb, həmçinin "PlayStation 5" konsolu da bahalaşmadan kənarda qalmayıb.
Bəzi rəqib cihazlar hələlik öz mövqeyini qoruyur. Məsələn, "Asus Xbox Ally X" və "MSI Claw 8 AI Plus" modellərini müvafiq olaraq 999 ABŞ dolları və 1.049 ABŞ dollarına tapmaq mümkündür. "Asus" nümayəndəsi Anthony Spence bildirib ki, ABŞ bazarında "Xbox Ally X" üçün "görünən gələcəkdə heç bir qiymət artımı gözlənilmir".
"Lenovo" yeni model hazırlayır?
Mövcud vəziyyətlə bağlı "Lenovo" hələlik rəsmi şərh verməyib. Lakin bir çox pərakəndə satış şəbəkələrindən və şirkətin öz saytından konsolun müxtəlif versiyalarının yoxa çıxması, istehsalın dayandırılması ehtimalını artırır. Bununla belə, "Google" axtarış nəticələrinə görə, şirkətin veb-saytında cihaz artıq "Lenovo Legion Go S Gen 1" adlandırılır ki, bu da yaxın gələcəkdə yeni nəsil modelin təqdim oluna biləcəyinə işarə edir.






