"Jamf" şirkətinin apardığı yeni araşdırma, yenilənməmiş tətbiqlərin və köhnə əməliyyat sistemlərinin "Mac" və mobil mühitlərdə ən böyük təhlükəsizlik problemi ola biləcəyini üzə çıxarıb. Tədqiqata əsasən, təşkilatların 53%-i kritik dərəcədə köhnəlmiş mobil əməliyyat sistemlərindən, 58%-i isə yenilənməmiş "macOS" cihazlarından istifadə edir.
Qiymətləndirilən mobil tətbiqlərin demək olar ki, hamısında (95%) ən azı bir orta səviyyəli boşluq aşkarlanıb. Mobil proqramların 62%-i potensial riskli icazələr tələb edir, 21%-i isə məxfilik üçün təhlükə yaradan davranışlar nümayiş etdirir. Bu zəifliklər insan amili ilə birləşdikdə ciddi fəsadlara yol aça bilər. Belə ki, sorğuda iştirak edən şirkətlərin 25%-i kiberhücumçulara sistemə daxil olmaq imkanı verən fişinq linklərinin qurbanı olub.
"Apple" cihazlarında artan təhlükələr
"Omdia"nın məlumatına görə, 2024 və 2025-ci illər arasında "Apple" şirkətinin "Mac" tədarükü 16,4% artaraq digər rəqiblərini geridə qoyub. Bununla paralel olaraq, 2025-ci ildə 26 000-dən çox "macOS" zərərli proqram nümunəsi müəyyən edilib. Araşdırma göstərir ki, hazırda "Mac" kompüterlərinin 73%-də ən azı bir zəif tətbiq mövcuddur.
Təhlükələrin təkamülünə diqqət çəkən "Jamf", bir çox hücumların artıq qurbanın aktiv iştirakını tələb etməyən "sıfır klik" (zero-click) və brauzer əsaslı istismarlardan istifadə etdiyini bildirir. Şirkətin portfel strategiyası üzrə vitse-prezidenti Maykl Kovington (Michael Covington) qeyd edir:
"Bu araşdırma ilə məqsədimiz təhlükəsizlik rəhbərlərini təşkilatlarına təsir edən risklər barədə məlumatlandırmaqdır ki, onlar təhdidlərin aşkarlanması və cavab tədbirlərinin cihazları ilə uyğunlaşdırılmasını təmin edə bilsinlər."
Yenilənmələrin əhəmiyyəti
Tədqiqat əsasən "macOS" və mobil cihazlara yönəlsə də, "Windows" daxil olmaqla digər əməliyyat sistemləri də oxşar hücumlardan sığortalanmayıb. Mütəxəssislər vurğulayırlar ki, tətbiqləri və əməliyyat sistemlərini mütəmadi yeniləmək təkcə yeni funksiyalar əlavə etmir, həm də təhlükəsizliyi maksimum dərəcədə artırmaq üçün mövcud boşluqları aradan qaldırır.





