"Blizzard Entertainment" şirkəti 2020-ci ilin yanvarında təqdim etdiyi "Warcraft 3: Reforged" strategiyasından sonra istifadəçilərin 2002-ci il nümunəli klassik versiyaya çıxışını məhdudlaşdırmışdı. Lakin görünür, tərtibatçılar nəhayət ki, bu qərarın səhv olduğunu anlaya biliblər. Xatırladaq ki, "Warcraft 3: Reforged" oyunu "Warcraft 3: Reign of Chaos" və "The Frozen Throne" əlavəsinin yenidən işlənmiş versiyasıdır.
Vaxtilə bu remaster versiya çoxsaylı xətalara, qrafik geriləmələrə və orijinal oyundakı bəzi funksiyaların ləğvinə görə ciddi tənqid olunmuşdu. Nəticədə oyunçular ya üçüncü tərəf resurslarından istifadə etməyə, ya da qrafikanı köhnə rejimə keçirməyə məcbur idilər. İndi isə "Warcraft 3: Reforged" buraxılışından altı il sonra klassik versiya yenidən "Battle.net" xidmətinə qaytarılıb və bu barədə "Blizzard" nümayəndəsi rəsmi forumda məlumat verib.
Artıq "Battle.net" üzərindən "Warcraft 3" sahibləri oyuna daxil olarkən "Reforged" və ya köhnə versiya arasında seçim edə bilərlər. Qeyd edək ki, orijinal yığım 1.29 nömrəsini daşıyır və yalnız oflayn oyunu, eləcə də lokal çoxnəfərli (multiplayer) rejimi dəstəkləyir. Lakin rəsmi forumdakı şərhlərə əsasən, klassik oyuna giriş hələlik "Battle.net" istifadəçilərinin hamısına təqdim edilməyib. Bu seçiciliyin hansı səbəbdən qaynaqlandığı isə hələlik məlum deyil.
Digər tərəfdən, "Warcraft 3: Reforged" 2024-cü ilin sonlarında irimiqyaslı 2.0 yenilənməsini alıb. Bu yenilənmə çərçivəsində ətraf mühit, işıqlandırma və interfeys tamamilə yenidən işlənib. Həmçinin oyuna reytinq cədvəlləri (ladder) daxil olmaqla, bir çox mühüm qeympley təkmilləşdirmələri əlavə edilib.






