"Microsoft" şirkətinin keçmiş mühəndisi Deyv Plammer (Dave Plummer) proqram təminatının həcminin süni şəkildə artırılması tendensiyasına qarşı çıxaraq, klassik "Notepad" redaktorunu yenidən işləyib. O, Mett Pauerin (Matt Power) "Dave's Tiny Editor" (DTE) layihəsini əsas götürərək, "TinyRetroPad" adlı yeni versiyanı təqdim edib. Bu layihənin icra edilə bilən fayl ölçüsü cəmi 2686 bayt (təxminən 2,5 KB) təşkil edir.
Deyv Plammer qeyd edir ki, illər əvvəl "Notepad" sadə mətn faylları ilə işləmək üçün yüngül bir alət idi, "WordPad" isə daha mürəkkəb formatlar üçün nəzərdə tutulmuşdu. Lakin bu gün "WordPad" ləğv edilib, "Notepad" isə "Copilot" kimi süni intellekt funksiyaları ilə yüklənərək öz sadəliyini itirib. Yeni "TinyRetroPad" isə "Assembly" dilində yazılıb və "Windows" əməliyyat sisteminin daxili "RICHEDIT50W" komponentlərindən istifadə edir.
Mühəndis bildirir ki, müasir "Notepad.exe" faylı onun hazırladığı versiyadan yüz dəfələrlə böyükdür, lakin bu fərq funksionallıq baxımından özünü doğrultmur. "TinyRetroPad" faylların açılması, saxlanılması, şrift seçimi və çap edilməsi kimi əsas funksiyaları tam dəstəkləyir. Plammer, xüsusilə "Windows"-da çap prosesinin mürəkkəbliyinə diqqət çəkərək, sistemin hazır komponentlərinə əsaslanmağın proqramı optimallaşdırmağa imkan verdiyini vurğulayır.






