"Windows" əməliyyat sisteminin əsas komponentlərinin, o cümlədən "Tapşırıqlar Meneceri"nin (Task Manager) müəllifi olan keçmiş "Microsoft" mühəndisi Deyv Plammer öz sosial media hesabında qeyri-adi bir sınaq paylaşıb. O, 32 nüvəli və 64 axınlı "AMD Threadripper 3970X" prosessoru ilə təchiz edilmiş kompüterin üzərində miniatür Stirling mühərrikini işə salıb.
Eksperiment zamanı sistemə "Cinebench" proqramı vasitəsilə yüksək yüklənmə verilib. Prosessorun yaratdığı istilik enerjisi mühərrikin porşenini hərəkətə gətirərək maşının çarxının fırlanmasını təmin edib. 19-cu əsrin əvvəllərində patentləşdirilmiş bu mühərrik növü qapalı məkanda qaz və ya mayenin dövri isidilməsi və soyudulması nəticəsində yaranan təzyiq fərqindən enerji əldə edir.
Bu eksperiment nəyi sübut edir?
Deyv Plammer qeyd edib ki, bu layihə kompüterin soyudulması üçün nəzərdə tutulmayıb və proses zamanı temperatur dəyişiklikləri ilə bağlı dəqiq ölçmələr aparılmayıb. Buna baxmayaraq, sınaq müasir kompüter komponentlərinin, xüsusən də "AMD" prosessorlarının nə qədər böyük həcmdə istilik enerjisi ifraz etdiyini vizual şəkildə nümayiş etdirir. Bu cür aşağı temperaturlu Stirling mühərrikləri adətən təhsil məqsədilə istifadə olunur və hətta bir fincan isti çayın istiliyi ilə belə işləyə bilir.






