Çərşənbə axşamı bir qrup iddiaçı, ABŞ Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsindən Federal Rabitə Komissiyasını (FCC) "Xəbərlərin Təhrifi Siyasəti"nin ləğvi ilə bağlı səsvermə keçirməyə məcbur etməsini xahiş edib. İki partiyanın nümayəndələrindən ibarət keçmiş rəsmilər bu müraciəti 2025-ci ilin noyabrında, FCC sədri Brendan Carr-ın komediyaçı Jimmy Kimmel-in fəaliyyətini müvəqqəti dayandırmaq üçün "ABC" telekanalına təzyiq göstərməsindən sonra ediblər. Səsverməni yalnız qurumun sədri təşkil edə bilər, lakin Brendan Carr siyasətin ləğvinə qarşı çıxaraq indiyədək bu addımı atmayıb. İndi isə keçmiş rəsmilər məhkəmədən FCC-ni hərəkətə keçməyə məcbur edəcək icra vərəqəsi tələb edirlər.
Məqsəd, üç komissarın hər birinin bu siyasətlə bağlı rəsmi mövqeyini öyrənmək və qrupun silah kimi istifadə edildiyini düşündüyü bu aləti aradan qaldırmaq üçün hüquqi yol açmaqdır. 1980-ci illərdə quruma rəhbərlik etmiş respublikaçı Mark Fowler məsələ ilə bağlı sərt fikirlər səsləndirib:
"Xəbərlərin Təhrifi Siyasəti, sədr Carr-ın yayımçıları hədələmək üçün istifadə etdiyi dolu bir silahdır. O ləğv edilməyənə qədər azad mətbuatımız olmayacaq."2013-2017-ci illərdə demokrat sədr olmuş Tom Wheeler də oxşar xəbərdarlıq edərək, bu siyasətin Donald Trump administrasiyasının bəyənmədiyi məzmunları yayımlayan kanalları cəzalandırmaq üçün istifadə edilə biləcəyini vurğulayıb.
"Xəbərlərin Təhrifi Siyasəti" nədir?
1949-cu ilə aid olan bu siyasət, mühüm xəbər hadisələri barədə faktlara əsaslanan hesabatları qəsdən təhrif edən yayımçılara qarşı FCC-yə tədbir görmək səlahiyyəti verir. FCC yalnız televiziya və radio yayımlarını tənzimlədiyi üçün bu qayda kabel şəbəkələrinə, onlayn xəbər portallarına və digər media növlərinə şamil edilmir. Qurumun rəsmi saytında qeyd olunur ki, fikir ifadələri və ya səhvlərdən qaynaqlanan yanlışlıqlar məsuliyyət yaratmır. İddiaçılar bildirirlər ki, onilliklər ərzində müəyyən hüquqi məhdudiyyətlər bu qaydanın ehtiyatla və ədalətli şəkildə tətbiqini təmin edib.
Brendan Carr qaydadan necə istifadə edir?
Brendan Carr-ın rəhbərliyi altında bu siyasət yenidən gündəmə gəlib. Sədr siyasi rəqiblərini dəstəkləyən və ya prezident Donald Trump-a qarşı qərəzli mövqe nümayiş etdirən yayımçılara qarşı bu qaydadan istifadə etməklə dəfələrlə hədə-qorxu gəlib. Bunların arasında Kamala Harris ilə "60 Minutes" müsahibəsinin montajına görə Donald Trump-ın məhkəməyə verdiyi "CBS" və mühafizəkar fəal Charlie Kirk-in ölümü ilə bağlı zarafat yayımlayan "ABC" də var. Carr-ın bu addımları hətta respublikaçı senator Ted Cruz tərəfindən də tənqid edilib və o, sədri mafioz adlandırıb.
Məhkəmə prosesinin mümkün nəticələri
Əgər məhkəmə FCC-yə səsvermə keçirməyi əmr edərsə, müraciətin qəbul edilmə ehtimalı aşağıdır. Demokrat komissar Anna Gomez siyasəti qeyri-müəyyən və səmərəsiz adlandırsa da, respublikaçı komissar Olivia Trusty-nin bu məsələdə Brendan Carr-a qarşı çıxacağı gözlənilmir. Vəkil Andrew Jay Schwartzman qeyd edir ki, komissiya siyasəti ləğv etməkdən imtina edə bilər, lakin bu addım indiyədək bağlı olan hüquqi müraciət yolunu açacaq. İddiaçılar hesab edirlər ki, Ali Məhkəmənin Birinci Düzəlişlə bağlı son qərarları, xüsusən də sosial media məzmununun tənzimlənməsi ilə bağlı "NetChoice" işi, FCC-nin bu siyasətinin konstitusiyaya uyğunluğunu şübhə altına alır.






