Fevral ayının sonlarında ABŞ və İsrailin hərbi əməliyyatlara başlaması bəhanəsi ilə İran rəhbərliyi bütün ölkə ərazisində internetə çıxışı dayandırıb. Artıq 1000 saatdan çoxdur ki, davam edən bu blokada dünya miqyasında ən uzunmüddətli kəsintilərdən biri hesab olunur. Təxminən 44 gündür ki, ölkə vətəndaşları qlobal şəbəkədən təcrid olunub.
"Starlink" istifadəçiləri üçün ölüm təhlükəsi
"Tom’s Hardware" nəşrinin məlumatına görə, "Starlink" peyk rabitəsi terminalları iranlı istifadəçilər üçün xilas yolu deyil. Əksinə, bu avadanlıqlara sahib olanları ölüm cəzası gözləyir. Hökumət hərbi texnikadan istifadə edərək "Starlink" şəbəkəsinin işini boğmağa çalışır. Eyni zamanda, "OpenAI", "Microsoft", "Apple" və "Google" kimi Amerika şirkətlərinin Yaxın Şərqdəki server infrastrukturu İran hərbçilərinin hədəfinə çevrilib.
Trafik 1 faizə düşüb: Şəbəkə necə idarə olunur?
İnternet kəsintilərini izləyən "NetBlocks" resursunun hesabatına əsasən, 43 gündən çoxdur ki, İranda internet trafiki böhrandan əvvəlki səviyyənin cəmi 1%-i həcmindədir. "Cloudflare" şirkətinin məlumatına görə, qalan bu kiçik trafik yalnız "ağ siyahı"dakı resurslara çıxışı olan az sayda rəsmi istifadəçi tərəfindən yaradılır. Ölkə daxilində məlumat axını xüsusi monitorinq vasitələrindən keçirilir və yalnız əvvəlcədən təsdiqlənmiş saytlara icazə verilir. Qeyd edək ki, Liviyada internet altı ay ərzində kəsildiyi üçün İranın hazırkı göstəricisi hələlik mütləq rekord sayılmır.
İqtisadiyyata vurulan ağır zərbə
Bu, cari ilin əvvəlindən bəri İranda baş verən ilk belə hal deyil. Yanvarın 8-də kütləvi etirazlar fonunda şəbəkəyə giriş yenidən bloklanmışdı. Fevralın ortalarına qədər trafik əvvəlki səviyyənin yalnız 50%-nə çata bilmişdi. Tətbiq edilən bu sərt tədbirlər İran iqtisadiyyatının onlayn sektoruna ciddi ziyan vurub. Rəqəmsal ticarət həcmi 80% azalıb və yanvar ayındakı kəsintinin hər günü ölkə iqtisadiyyatına 35,7 milyon ABŞ dolları zərər vurub.






