Yaxın Şərqdə davam edən münaqişə fonunda İran Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) inşa edilən 30 milyard ABŞ dolları dəyərindəki "Stargate UAE" süni intellekt məlumat mərkəzini hədəfə alıb. "The Times of India" nəşrinin məlumatına görə, bu təhdid İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü İbrahim Zülfüqari tərəfindən yayımlanan video müraciətdə səsləndirilib. Sözügedən mərkəz "OpenAI", "Nvidia", "Cisco", "Oracle" və "SoftBank" kimi texnologiya nəhənglərinin əsas infrastruktur layihələrindən biridir.
Zülfüqari xəbərdarlıq edib ki, əgər ABŞ İranın enerji obyektləri ilə bağlı təhdidlərini davam etdirərsə, dərhal cavab tədbirləri görüləcək. O, hədəflər arasında enerji infrastrukturu və informasiya-kommunikasiya texnologiyaları obyektlərinin olduğunu bildirərək, onların "tamamilə məhv ediləcəyini" vurğulayıb. Videonun davamında "Google Maps" üzərindən səhrada yerləşən "Stargate UAE" bazasının gecə görmə rejimindəki peyk görüntüləri nümayiş etdirilib.
1 Qiqavatlıq nəhəng süni intellekt infrastrukturu
"Stargate UAE" layihəsi ötən il elan edilib və "OpenAI" tərəfindən qlobal miqyasda təhlükəsiz süni intellekt (AGI) infrastrukturunun qurulması vizyonunun bir hissəsi kimi təqdim olunub. Məlumat mərkəzinin ümumi gücünün 1GW (qiqavat) olması planlaşdırılır. Layihənin bu il istifadəyə verilməsi nəzərdə tutulan 200MW (meqavat) gücündəki ilk mərhələsi özündə 10 000 ədəd "Nvidia" çipini birləşdirir.
Müharibənin ikinci ayına qədəm qoyduğu bir vaxtda SEPAH Yaxın Şərqdə ABŞ və onun texnologiya şirkətləri ilə əlaqəli hədəfləri diqqət mərkəzində saxlayır. Təhdid edilən şirkətlər siyahısına "Microsoft", "Apple", "Google" və "Meta" da daxildir. "Stargate UAE" mərkəzinin hazırda hansı səviyyədə fəaliyyət göstərdiyi tam aydın olmasa da, bu obyektə ediləcək hər hansı bir hücum qlobal süni intellekt infrastrukturuna ağır zərbə vura bilər.



