"Telegram" messencerinin alternativi kimi tanınan "Telega" tətbiqi "Apple" istifadəçiləri üçün ciddi təhlükəyə çevrilib. "Kommersant" nəşrinin "Kod Durova" kanalına istinadən verdiyi məlumata görə, əməliyyat sistemini "iOS 26.4.1" versiyasına yeniləyən və sözügedən proqramı quraşdıran "iPhone" sahiblərinin cihazları tamamilə bloklanır. Avtomatik yenilənmə prosesi dövrəyə girərək smartfonun işini dayandırır.
Bu problemin kütləvi xarakter daşıdığı bildirilir. Bir neçə müstəqil xidmət mərkəzinin əməkdaşları da analoji şikayətlərin artdığını təsdiqləyiblər. Tanınmış bloqer Sergey Romantsev apardığı sınaq zamanı eyni halla qarşılaşıb. Onun yoxladığı üç fərqli "Apple" smartfonundan yalnız "Telega" quraşdırılmış "iPhone 16 Pro Max" modeli "iOS 26.4.1" yenilənməsini qəbul edə bilməyib. Halbuki cihazın heç bir texniki qüsuru olmayıb və yaddaşında 900 GB boş yer olub.
Sınaq müəllifinin fikrincə, "Apple" şirkəti bu proqramı zərərli kod kimi qəbul edərək cihazları məqsədyönlü şəkildə bloklayır. Ötən həftə "Telega" tətbiqi "App Store" platformasından silinib. Nəticədə, zərərçəkmiş istifadəçilər proqramın yeni versiyasını yükləyə bilməyiblər və problemi yalnız sistemi bərpa etməklə həll etmək məcburiyyətində qalıblar.
Əlavə olaraq, "Cloudflare" xidməti "Telega" domenlərini casus proqram təminatı ilə əlaqəli kimi işarələyir. Son günlərdə "App Store" mağazasında da bu tətbiqlə bağlı çox sayda mənfi rəylərin peyda olduğu diqqət çəkir.






