"Intel" şirkətinin baş direktoru Lip-Bu Tan, "Nvidia" ilə ötən ilin sonunda elan edilmiş tərəfdaşlığın tezliklə öz bəhrəsini verəcəyini bildirib. Bu açıqlama, Karnegi Mellon Universiteti tərəfindən "Nvidia"nın rəhbəri Censen Huanqa sürətləndirilmiş hesablama və süni intellekt sahəsindəki xidmətlərinə görə fəxri doktorluq dərəcəsinin verilməsi mərasimi zamanı edilib. Lip-Bu Tan həmkarına doktorluq mantiyasını təqdim etmək şərəfinə nail olub. Daha sonra o, X sosial şəbəkəsindəki hesabında hər iki texnologiya nəhənginin yeni və maraqlı məhsullar üzərində işlədiyini bir daha təsdiqləyib.
Ötən il imzalanmış müqaviləyə əsasən, şirkətlər daxili "Nvidia" qrafik prosessorlarına malik, x86 arxitekturası ilə uyğunlaşan yeni çiplər yaradacaqlar. Bu innovativ prosessorlar təkcə server seqmentində deyil, həm də fərdi kompyuterlər və noutbuklarda geniş tətbiq tapacaq. Əgər bu layihə uğurla reallaşarsa, istifadəçilər bir korpusda həm "Intel" brendi altında x86 prosessorunu, həm də "Nvidia RTX" qrafikasını əldə edə biləcəklər. Bu addım fərdi kompyuter bazarı üçün əhəmiyyətli bir yenilik hesab olunur.
Qeyd edək ki, bu, "Intel" şirkətinin üçüncü tərəf istehsalçısının daxili qrafik bloklarından istifadə etdiyi ilk böyük layihə deyil. Buna bənzər sonuncu təcrübə "Kaby Lake-G" prosessorlar seriyasında müşahidə edilmişdi. Həmin vaxt "Intel Core" çipləri rəqib "AMD" şirkətinin "Radeon RX Vega M" daxili qrafikası ilə təchiz olunmuşdu. Lakin yeni "Nvidia" tərəfdaşlığının miqyası və hədəfləri əvvəlkilərdən daha geniş görünür.
Hələlik nə "Intel", nə də "Nvidia" gələcək ortaq məhsulların dəqiq adlarını və ya buraxılış tarixlərini rəsmən açıqlamayıb. Bununla belə, son sızdırılan məlumatlar ilk müştəri çipinin qeyri-rəsmi olaraq "Serpent Lake" prosessorlar seriyası ilə əlaqəli ola biləcəyini göstərir. Müqavilə çərçivəsində şirkətlər yalnız onu təsdiqləyiblər ki, bu strateji əməkdaşlıq həm məlumat mərkəzləri, həm də fərdi kompyuterlər üçün nəzərdə tutulan bir neçə məhsul nəslini əhatə edəcək.






