Tayvanın "DigiTimes" nəşrinin mənbələrinə əsasən, "Intel" şirkəti bu ilin sonlarında masaüstü kompüterlər üçün nəzərdə tutulmuş Nova Lake prosessorlarını təqdim etməyə hazırlaşır. Əsas məqsəd "AMD" ilə rəqabətdəki fərqi aradan qaldırmaqdır. Ehtimal olunur ki, Core Ultra 400 adlandırılacaq bu çiplər 52-yə qədər nüvəyə malik olacaq. Prosessorlar yüksək performanslı Coyote Cove və enerji səmərəliliyi təmin edən Arctic Wolf nüvələrini birləşdirəcək. Yeni qurğular LGA 1954 yuvası və "Intel" 900 seriyalı (Z990, Z970, W980, Q970 və B960) çipsetlərlə işləyəcək. Çiplərin istehsalı "TSMC" tərəfindən N2 texnologiyası ilə həyata keçiriləcək və onlar 288 MB üçüncü səviyyəli keş yaddaşı ilə təchiz ediləcək.
"Nova Lake-S" mobil prosessorları nə vaxt çıxacaq?
Mobil seqment üçün nəzərdə tutulan Nova Lake-S versiyasının isə 2027-ci ilin əvvəlinədək gecikə biləcəyi bildirilir. Bu prosessorların ənənəvi olaraq yanvar ayında Las-Veqasda keçirilən CES sərgisində debüt etməsi gözlənilir. Mobil ailəyə daxil olan modellər maksimum 28 nüvə ilə məhdudlaşacaq.
"Razor Lake" arxitekturasındakı yeniliklər nələrdir?
Masaüstü seqmentdə Nova Lake xəttinin birbaşa xələfi olacaq Razor Lake prosessorlarının 2027-ci ilin dördüncü rübündə işıq üzü görəcəyi planlaşdırılır. Bu çiplər də LGA 1954 yuvasını qoruyub saxlayacaq. Yeni Griffon Cove arxitekturalı performans nüvələri xüsusi sürəti artıracaq, enerji səmərəli nüvələr isə Golden Eagle arxitekturasına əsaslanacaq.
"Titan Lake" hibrid arxitekturadan niyə imtina edir?
2028-ci ildə bazara daxil olacaq Titan Lake prosessorları "Intel"in hibrid arxitekturadan imtina etməsini rəsmiləşdirəcək. Son illərin təcrübəsi göstərib ki, oyunları və bəzi tətbiqləri həm performans, həm də səmərəlilik nüvələrinə malik çiplər üçün optimallaşdırmaq çətindir. Buna görə də yeni çiplər unifikasiya edilmiş Copper Shark arxitekturasını təklif edəcək. Bundan əlavə, mobil konfiqurasiyalarda "Nvidia" ilə çoxdan gözlənilən əməkdaşlıq reallaşacaq və hesablama nüvələri "Nvidia" RTX qrafik sistemi ilə birləşdiriləcək.
"Moon Lake" hansı cihazlar üçün nəzərdə tutulub?
2028-ci ildə təqdim ediləcək digər bir yenilik isə Moon Lake prosessorları olacaq. Bu çiplər əsasən aşağı büdcəli, az enerji sərf edən noutbuklar və xrombuklar üçün hədəflənib. Twin Lake seriyasının xələfi olan bu prosessorlar şirkətin əvvəlki təcrübələrinə əsaslanan qənaətcil arxitekturadan istifadə edəcək.






