Texnologiya nəhəngi "Intel" korporativ strukturunda köklü dəyişikliklər edərək, təxminən 50 ildir istifadə olunan "Fellow" (Aparıcı ekspert) və "Senior Fellow" (Baş aparıcı ekspert) titullarını ləğv etdiyini açıqlayıb. Bu adlar bundan sonra müvafiq olaraq "Distinguished Engineer" və "Senior Distinguished Engineer" ilə əvəz olunacaq. Şirkətin texniki direktoru Pushkar Ranade bu dəyişikliyin sadəcə adlandırma deyil, yeni bir texniki liderlik standartının formalaşdırılması olduğunu bildirib.
Bu dəyişiklik nəyi hədəfləyir?
Yeni sistemə əsasən, "Intel" mühəndislərindən yalnız dərin texniki bilik və akademik nüfuz deyil, həm də biznes strategiyalarına birbaşa təsir göstərmək tələb olunacaq. Şirkət mühəndislərin yaradıcı innovasiyaları ilə yanaşı, onların fəaliyyətinin "ölçülə bilən taktik nəticələr" verməsini gözləyir. Bu, "Intel"-in ənənəvi elmi-tədqiqat laboratoriyası modelindən uzaqlaşaraq, məhsul yönümlü və biznesə cavabdehlik daşıyan mühəndislik modelinə keçid etdiyini göstərir.
Sənayedə "Fellow" titulunun yeri nədir?
Qeyd edək ki, "Fellow" titulu yarımkeçirici sənayesində hələ də geniş yayılıb və "AMD", "Nvidia", "IBM", "TSMC" kimi 12-dən çox iri şirkətdə istifadə olunur. "Intel" 1980-ci ildən bəri bu titulu Marcian Hoff, Justin Rattner və Boris Babayan kimi əfsanəvi mühəndislərinə verib. Hazırda şirkətin bu titulu ləğv etməsi, idarəetmə strukturunda apardığı genişmiqyaslı islahatlar və vitse-prezident vəzifələrinin ixtisarı fonunda xüsusi diqqət çəkir.






