"X" şirkəti 17 aprel tarixində "iOS" istifadəçiləri üçün nəzərdə tutulmuş yeni "XChat" tətbiqini istifadəyə verəcək. Bu yeni messencer platformanın ekosisteminə inteqrasiya olunaraq istifadəçilərə təhlükəsiz və rahat ünsiyyət imkanı yaradacaq. Tətbiqin əsas üstünlükləri sırasına yazışmaların uçdan-uca şifrələnməsi, ekran görüntülərinin (skrinşot) alınmasından müdafiə, eləcə də mesajların bütün iştirakçılar üçün redaktə edilməsi və silinməsi daxildir.
"XChat" istifadəçilərə telefon nömrəsini daxil etmədən cihazlararası səsli və video zənglər etmək imkanı verəcək. Platforma məhdudiyyəti olmadan qrup zənglərinin dəstəklənməsi bu tətbiqi rəqiblərindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Bundan əlavə, messencerdə yoxa çıxan mesajlar funksiyası və yüzlərlə iştirakçını birləşdirə bilən böyük qrup çatları mövcud olacaq.
Tətbiqdə heç bir reklamın olmaması xüsusilə vurğulanır ki, bu da "WhatsApp" və "Telegram" kimi rəqiblər qarşısında mühüm üstünlük ola bilər. Qeyd edək ki, İlon Mask hələ ötən ilin yayında fayl ötürülməsi və zəngləri dəstəkləyən yeni mesajlaşma sisteminin yaradılacağını təsdiqləmişdi. "XChat" messencerinin istifadəyə verilməsi "X" platformasını sosial şəbəkə, messencer və digər xidmətləri özündə birləşdirən universal tətbiqə çevirmək strategiyasının tərkib hissəsidir.






