“HP” şirkəti “MacBook Neo” modelinə birbaşa rəqib kimi hazırladığı yeni “OmniBook 5 14” noutbukunu təqdim edib. 2026-cı ilin oktyabrında satışa çıxarılacaq cihazın baza modeli 699,99 ABŞ dolları qiymətinə təklif olunur və “Intel Core 5 315” (“Wildcat Lake”) prosessoru, 8 GB RAM və 256 GB SSD ilə təchiz edilib. Qurğu gümüşü, çəhrayı, mavi və yaşıl olmaqla dörd fərqli rəngdə istifadəçilərə təqdim olunur.
Cihazın ən diqqətçəkən özəlliyi bütün modellərdə OLED ekranın standart olmasıdır. Yüksək konfiqurasiyalarda “Core 7 350” çipi, 16 GB RAM və 1 TB SSD seçimləri mövcuddur. Bütün modellər 1080p veb-kamera, iki dinamik, HDMI, 3,5 mm audio yuvası və iki ədəd 10 Gbps USB-C portu ilə təchiz olunub.
“OmniBook 5 14” və “ProBook 4 G2iS” modellərinin fərqi nədir?
“OmniBook 5 14” cəmi 2,56 funt (təxminən 1,16 kq) çəkiyə və 11,7 mm qalınlığa malikdir ki, bu da onu “MacBook Neo”-dan daha yüngül və nazik edir. Ekranın toxunma funksiyalı versiyası oktyabrda, daha yüksək 2560 x 1600 təsvir ölçülü və 400 nit parlaqlığa malik OLED versiyası isə 2027-ci ilin martında bazara çıxacaq.
Bundan əlavə, “HP” dekabr ayında satışa çıxarılacaq “ProBook 4 G2iS” biznes noutbukunu da elan edib. 12 mm qalınlığı ilə şirkətin “ən nazik biznes noutbuku” adlandırılan bu model də “Intel Wildcat Lake” çipləri ilə işləyəcək, lakin onun qiyməti hələlik açıqlanmayıb.






