"Honor" şirkəti "Honor Watch 6" və "Watch 6 Plus" modellərinin ardınca yeni "Honor Watch 6 Pro" smart saatını təqdim edib. Yeni model batareya ömründən daha çox sağlamlıq göstəricilərinin dəqiq monitorinqinə fokuslanıb. Cihaz 466 × 466 piksel təsvir ölçülü və 4500 cd/m2 parlaqlığa malik 1,5 düymlük ikiqat OLED displeylə təchiz olunub.
Smart saatın korpusu paslanmayan poladdan hazırlanıb və 46,3 × 46,3 × 11,6 mm ölçülərinə malikdir. İstifadəçilərə standart polad korpusla yanaşı, daha davamlı olan iki rəngli keramika örtüklü versiyalar da təklif olunur. Cihazın ən diqqətçəkən özəlliyi ürək ritminin dəyişkənliyini (HRV) 24/7 rejimində izləməsi və ürək dayanması kimi fövqəladə hallarda avtomatik xəbərdarlıq göndərməsidir.
"Honor Watch 6 Pro" həmçinin "Blood Pressure 2.0" sistemi vasitəsilə qan təzyiqini ölçə bilir. "Sinocare" sistemi ilə inteqrasiya sayəsində istifadəçilər qanda qlükoza səviyyəsini də monitorinq edə bilərlər. Bununla belə, şirkət vurğulayır ki, bu saat tibbi cihaz deyil və onun göstəricilərinə tam güvənmək olmaz.
Cihazın dəqiq geolokasiya sistemi olan "Honor Polaris" üç antenalı texnologiyası ilə sıx şəhər mühitində belə stabil siqnal təmin edir. Saat treyl-raninq, badminton və futbol kimi idman növləri üçün xüsusi peşəkar rejimlərə sahibdir. Hazırda ön sifarişə açılan modelin qiyməti polad korpus üçün 240 ABŞ dolları, keramika örtüklü versiya üçün isə 270 ABŞ dolları təşkil edir.






