Bu il bazara çıxarılan ilk RGB LED televizoru olan "Hisense" "UR9" modeli gözləniləndən xeyli ucuz qiymətə təklif olunur. Hazırda 65 düymlük versiya 1999 ABŞ dolları, 75 düymlük model 2999 ABŞ dolları, 85 düymlük variant isə 3999 ABŞ dolları təşkil edir. 100 düymlük model üçün isə hələlik yeni qiymət açıqlanmayıb. Ölçüsündən asılı olaraq, alıcılar 1500 ABŞ dolları ilə 2000 ABŞ dolları arasında endirim əldə edirlər.
Qiymət endiriminə nə səbəb oldu?
İlkin olaraq 65 düymlük modelin 3500 ABŞ dolları qiymətində olması tənqidlərlə qarşılanmışdı. Çünki bu məbləğ "LG" "G6" və "Samsung" "S95H" kimi flaqman OLED televizorlarından daha baha idi. Üstəlik, "Samsung" şirkəti özünün yüksək seqmentli "R95H" RGB LED televizorunun qiymətini "Hisense" modelindən 300 ABŞ dolları ucuz müəyyən etdi. Mütəxəssislərin fikrincə, satış günündə tətbiq edilən bu kəskin endirim məhz rəqabətə cavab xarakteri daşıyır.
Rəqiblərdə vəziyyət necədir?
Hazırda yalnız "Hisense" və "Samsung" şirkətləri 65 düymlük ən üst səviyyə RGB modellərini təklif edir. "LG" "MRGB95" seriyası 75 düymdən, "TCL" "RM9L" isə 85 düymdən başlayır və hər ikisi xeyli bahadır. Eyni zamanda, bazar iştirakçıları bu ilin sonlarında "Sony" şirkətinin True RGB modelləri barədə detalları açıqlamasını gözləyirlər.
Bu addım niyə qeyri-adidir?
Televizor istehsalçıları adətən məhsul satışa çıxarıldıqdan bir neçə ay sonra qiymətləri aşağı salırlar. Məsələn, bu il "TCL" şirkəti 65 düymlük "QM8L" modelinin qiymətini bir həftə ərzində 2500 ABŞ dollarından 1800 ABŞ dollarına endirmişdi. Lakin "Hisense" tərəfindən buraxılış günündə birdən-birə 1500 ABŞ dolları məbləğində endirim edilməsi bazarda yeni və olduqca aqressiv bir gedişdir.
Parlaq və canlı rənglər təqdim edən "Hisense" "UR9" artıq daha əlçatan seçimə çevrilib. Onun əsas rəqibi olan "TCL" "QM8L" ənənəvi qırmızı, yaşıl və mavi LED-lər əvəzinə, "X11L" modelindəki kimi mavi LED arxa işıqlandırma və SQD texnologiyasından istifadə edir. Yeni RGB LED texnologiyasını sınaqdan keçirmək istəyənlər üçün bu qiymət endirimi "UR9" modelini cəlbedici alternativalardan birinə çevirir.





