30 aprel tarixində "Hooded Horse" nəşriyyatı və Kiprdə fəaliyyət göstərən "Unfrozen" studiyası tərəfindən hazırlanan "Heroes of Might & Magic: Olden Era" taktiki strategiya oyunu rəsmən erkən girişə açılıb. Oyunçular bu yeni layihəni "Steam", "Microsoft Store" və "Game Pass" (Ultimate, PC) xidmətləri vasitəsilə əldə edə bilərlər. Buraxılışla eyni vaxtda oyunun zəngin qeympley treyleri də yayımlanıb.
Yeni strategiya oyunu mayın 14-dək 25 faizlik endirimlə təklif olunur. Hazırda oyunun "Steam" platformasının Rusiya seqmentindəki qiyməti 1124 rus rublu təşkil edir. Qeyd edək ki, erkən girişdən əvvəl layihə "Steam"-də ən çox arzulanan 10 oyun siyahısına daxil olub və 1,5 milyondan çox istifadəçi tərəfindən istək siyahısına əlavə edilib.
"Unfrozen" studiyasının məlumatına görə, erkən giriş uzun bir inkişaf prosesinin yalnız başlanğıcıdır və yaxın vaxtlarda gələcək yenilənmələrin planı dərc olunacaq. İlk həftələrdə komanda texniki problemlərin həllinə və xətaların aradan qaldırılmasına diqqət yetirəcək. Hazırkı versiyada oyunçulara qeyri-xətti hekayə kampaniyasının birinci aktı, altı faksiya, üç fərqli rejim ("Klassik", "Tək qəhrəman", "Arena"), multiplayer və xəritə redaktoru təqdim olunur.
Bu layihə 2015-ci ildə işıq üzü görmüş "Might & Magic: Heroes VII" oyunundan sonra franşizanın ilk flaqman buraxılışıdır. Məşhur fentezi saqasının köklərinə qayıdış hesab edilən yeni oyun, əslində seriyanın prikveli rolunu oynayır.






