"Ubisoft", "Hooded Horse" və "Unfrozen Studio" şirkətlərinin birgə bəyanatına əsasən, "Heroes of Might & Magic: Olden Era" oyunu qlobal miqyasda böyük maraqla qarşılanıb. Taktiki strategiya janrında olan bu layihə erkən giriş mərhələsində artıq 650 min nüsxə satılmağı başarıb. Yaradıcılar oyunun ilk həftəsonu göstəricilərini "heyrətamiz uğur" adlandırıblar.
Xatırladaq ki, oyun buraxıldıqdan sonrakı ilk 24 saat ərzində 250 min nüsxə sataraq öz inkişaf xərclərini tamamilə ödəyib. Növbəti iki gün ərzində isə bu rəqəm 500 minə çatıb. Hazırda "Steam" platformasında istifadəçilərin 89 faizi oyuna "çox müsbət" rəy verib. Eyni zamanda, eyni anda oyuna daxil olan istifadəçi sayı 60,8 min nəfərə çataraq seriya üçün yeni rekord müəyyənləşdirib.
"Hooded Horse" rəhbəri Tim Bender layihənin uğurunu belə şərh edib:
"Bu klassik seriyanın inanılmaz tarixi var. Yeni oyunun bu qədər isti qarşılanmasını və öz layiqli yerini tutmasını görmək çox xoşdur". Qeyd edək ki, oyun 30 aprel tarixində "Steam", "Microsoft Store" və "Game Pass" xidmətlərində erkən girişə təqdim edilib. Bu, 2015-ci ildə işıq üzü görmüş "Might & Magic: Heroes VII" oyunundan sonra franşizanın ilk böyük flaqman layihəsidir.






