"Unfrozen" studiyasının təqdim etdiyi "Heroes of Might & Magic: Olden Era" taktik strategiya oyunu erkən giriş mərhələsində inanılmaz nəticələr nümayiş etdirir. Yaradıcıların sözlərinə görə, oyun ilk 24 saat ərzində dünya üzrə 250 min nüsxədən çox satılıb. Bu göstərici sayəsində layihə artıq öz inkişaf xərclərini tamamilə geri qaytarmağı bacarıb.
"Uğurlu bir başlanğıc etdiyimizi söyləmək, heç nə deməməkdir. Hələ də sevincimizin həddi-hüdudu yoxdur və bizə, eləcə də layihəmizə inandığınız üçün nə qədər minnətdar olduğumuzu sözlərlə ifadə edə bilmirik! Bu, bütün komanda üçün uşaqlıq xəyalının gerçəkləşməsidir", - deyə tərtibatçılar bildiriblər.
"Steam" platformasında oyun qısa müddətdə böyük rəğbət qazanıb. Layihə 3 minə yaxın rəy toplayıb və onların 91%-i "çox müsbət" olaraq qiymətləndirilib. Eyni zamanda, oyuna eyni anda qoşulan istifadəçilərin sayı 51,7 min nəfərə çatıb ki, bu da bütün seriya üçün mütləq rekord hesab olunur. Hazırda oyun "Steam"-in qlobal ən çox satılanlar siyahısında lider mövqelərdən birini tutur.
30 aprel tarixində "Steam", "Microsoft Store" və "Game Pass" platformalarında yayımlanan oyun zəngin məzmun təklif edir. Erkən giriş versiyasında oyunçulara qeyri-xətti hekayə kampaniyasının ilk aktı, altı fərqli fraksiya və üç oyun rejimi təqdim olunur. Qeyd edək ki, bu layihə 2015-ci ildə buraxılmış "Might & Magic: Heroes VII" oyunundan sonra franşizanın ilk böyük flaqman buraxılışıdır.






