Aksessuar istehsalçısı "GuliKit", populyar oyun konsolları üçün nəzərdə tutulmuş yeni TV dok-stansiyasını rəsmən təqdim edib. Yeni cihaz "Switch 2" ilə yanaşı, orijinal "Switch" və "OLED" modelləri ilə də tam uyğunluq təşkil edir. Qurğu artıq "Amazon" və digər pərakəndə satış platformalarında 29,99 ABŞ dolları qiyməti ilə istifadəçilərə təqdim olunur.
Cihazın çəkisi cəmi 105 qram təşkil edir ki, bu da "Nintendo"-nun təqdim etdiyi 381 qramlıq standart dok-stansiyasından xeyli yüngüldür. Yığcam ölçüləri ilə diqqət çəkən qurğu, maqnit toz örtüyü sayəsində həm qoruyucu qapaq, həm də konsol üçün dayaq rolunu oynayır. Alt hissədə yerləşən xüsusi sürüşdürmə mexanizmi isə konsolun qoruyucu çexolda belə dok-stansiyasına rahat yerləşdirilməsinə imkan verir.
Dok-stansiyasının arxa panelində 4K / 60Hz, 2K / 120Hz və 1080p / 240Hz təsvir ölçülərini dəstəkləyən HDMI portu mövcuddur. Bundan əlavə, qurğuda enerji ötürülməsi üçün USB-C və aksessuarların doldurulması üçün USB-A portları yer alıb. İstifadəçilər üzərindəki düymə vasitəsilə cihazı televizor rejimi ilə masaüstü enerji doldurma rejimi arasında asanlıqla keçirə bilərlər.






