Rusiya məhkəmələri xarici videooyun şirkətlərini istifadəçi məlumatlarının lokallaşdırılmasından imtina etdiklərinə görə cəzalandırmağa davam edir. Növbəti hədəf Amerikanın "Take-Two Interactive Software" holdinqi olub. "RİA Novosti" nəşrinin Moskva məhkəmələrinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətə qarşı inzibati xəta işi açılıb.
Moskvanın Taqanski rayonunun 422 nömrəli məhkəmə sahəsinin sülh hakimi "Take-Two Interactive" şirkətini 2 milyon rus rublu məbləğində cərimələyib. Qərar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qəbul edilib. Şirkət Rusiya vətəndaşlarının fərdi məlumatlarının toplanması, saxlanması və sistemləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.
Xatırladaq ki, "Take-Two Interactive" dünyanın ən böyük oyun nəşriyyatlarından biridir və "Rockstar Games", "Zynga", həmçinin "2K" kimi studiyaları idarə edir. Holdinqin portfelinə "Grand Theft Auto", "Red Dead Redemption", "Mafia", "BioShock" və "Borderlands" kimi məşhur franşizalar daxildir. Şirkət Rusiya bazarını 2022-ci ilin yazında tərk edib.
Qeyd edək ki, bu, analoji səbəbdən cərimələnən ilk oyun şirkəti deyil. Daha əvvəl "Blizzard Entertainment" və "My.Games" hər biri 600 min rus rublu, "Battlestate Games" və "Electronic Arts" isə hər biri 2 milyon rus rublu məbləğində cərimələnmişdi.






