"Take-Two Interactive" şirkətinin baş direktoru Ştraus Zelnik (Strauss Zelnick) "GTA VI" oyununun çıxış tarixinə əmin olsa da, bu qərar sadə işçilər üçün baha başa gəlir. İki dəfə təxirə salındıqdan sonra, layihənin rəsmi buraxılış tarixi 19 noyabr 2026-cı il olaraq müəyyənləşdirilib. Görünür, "Rockstar Games" rəhbərliyi bu tarixə çatmaq üçün hər cür vasitəyə əl atmağa hazırdır.
"Wccftech" portalının məlumatına görə, işçilərin şirkətləri anonim şəkildə qiymətləndirdiyi "Glassdoor" saytında kütləvi şikayətlər peyda olub. Əməkdaşlar noyabr relizi ərəfəsində iş şəraitinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Xüsusilə, "Rockstar India" ofisinin keyfiyyətə nəzarət üzrə analitiki aprel ayından etibarən qrafikin dözülməz həddə çatdığını və bəzi işçilərin gecə saat 3-ə qədər ofisdə qaldığını vurğulayıb.
Şikayətçilərin sözlərinə görə, "Rockstar India" maraqlı layihələr təklif etsə də, işçilərin üzərinə qeyri-real yük və gözləntilər qoyur. Rəhbərlik 5-6 aylıq tapşırıqların iki dəfə daha tez yekunlaşdırılmasını tələb edir. Üstəlik, əlavə iş saatlarına görə ödəniş edilmir və kadrlar şöbəsinə edilən müraciətlər heç bir nəticə vermir.
Bu problem yalnız Hindistan ofisi ilə məhdudlaşmır. Vaşinqtondan olan sabiq "Rockstar" testçisi də öz rəyində xaotik iş günlərindən və sərt əlavə iş saatlarından narazılığını ifadə edib. Ştraus Zelnik bu yaxınlarda zarafatla bildirmişdi ki, 19 noyabrda bir çox geymer "GTA VI" oynamaq üçün xəstəlik vərəqəsi alacaq. Lakin mövcud vəziyyət göstərir ki, bu templə xəstəlik vərəqəsinə ilk növbədə məhz "Rockstar Games" əməkdaşlarının ehtiyacı olacaq.






